“Woke” ideologiyasının rekultavisiya edib yenidən virtual olaraq tədavülə buraxdığı linç mədəniyyətinin təsirləri, episentri sayılan Qərbdə ciddi əks-reaksiyalar doğurduğu üçün öləziməyə başlasa da bizim kimi dünyanı geridən izləyən cəmiyyətlərdə xüsusi ilə qadın-kişi münasibətləri kontektsində təkəm seyrək də olsa əlavə təkanlarla zaman zaman ərz-i əndam etməyə davam edir. Qərbdə xüsusi ilə “Harry Potter” kitablarının müəllifi və kifayət qədər liberal olan J.K.Rowlingin “qadın” əvəzinə “reql olan insan” ifadəsini tənqid etdiyi üçün linçə məruz qalması, bu tendensiyanın ifadə azadlığı üçün necə bir təhlükə yaratdığının simvolik və trajikomik nümunələrindəndir.
Bizdəki linçin konteksti ilə “klassik”lər arasında maraqlı paralelliklər var. Bu yazı “woke” ideologiyasına rəddiyə-filan deyil təbii ki… Sadəcə bu xəbis azğınlığa qarşı ifadə azadlığının qədim öyüdlərini yada salmaq cəhdidir, bu minvalla oxunsun lütfən…
Maraqlı bir faktla başlayaq! İfadə azadlığı barədə yazılmış ilk əsər John Miltonun “Areopagitica” risaləsi hesab olunur. O da qadın-kişi, evlilik-boşanma söhbətlərinə görə yazılıb…
Risalənin müəllifi Milton 1642-ci ildə Mary Powell adlı gənc bir qızla evlənir, amma bir neçə ay sonra qız onu tərk edib ailəsinin yanına qayıdır. Bu vəziyyətdə Milton boşanmaq istəyir ancaq boşana bilmir. Çünki o dövrdə Anqlikan kilisəsinə görə boşanmaq xəyanət və ölüm kimi çox konkret və məhdud hallarda mümkün idi.
Milton boşana bilmədiyi üçün hiddətlənir və dalbadal bu qaydaları tənqid edən və tərəflərin sadəcə anlaşa bilmədikləri halda da boşanmasının mümkün olması lazım gəldiyini iddia edən bir neçə traktat yayımlayır.
Təbii ki, bu traktatlar dindarları qəzəbləndirir. O dövrün “identity politics” savavaşçılarını, “cancel culture” nümayəndələrini də puritanlar təmsil edirdilər. Miltonu susdurmaq üçün həmin dövrdə qüvvədə olan senzura mexanizmi işə salınır. O vaxtlar puritanların güclü təsiri altında olan ingilis parlamenti Lisenziya Qanunu (Licensing Order of 1643) qəbul etmişdi. Bu qanun kitabların və risalələrin çapdan əvvəl kilsə və dövlət tərəfindən təsdiqlənməsini tələb edirdi.
John Milton boşanma haqqında yayımladığı bu traktatları senzuradan keçirmədiyi görə parlament tərəfindən ciddi təzyiqlərə məruz qaldığı üçün bu səfər də senzuranı tənqid edən o məşhur “Areopagitica” risaləsini yazır.
John Milton hələ 17-ci əsrdə 21-ci əsr “donos”çularında olmayan bir fərasətlə deyirdi ki, yaxşı və pis bir-birindən ayrılmayan dixotomiyadır. Bəşər övladı yalnız pisi bilərək yaxşının ayırdına vara bilər. İnsan əqli-səlimdir, suni maneələr yaratmayın, imkan verin özü yaxşını pisdən ayırsın:
“Madam, şərin bilgisi ərdəmli olmaq üçün, xətaların təsbiti həqiqəti yəqinləşdirmək üçün vacibdir, onda günah və yanlışların dəhlizlərində gəzişərək həqiqətə varmanın, hər cür əqli məhsulu oxumaqdan və eşitməkdən daha təhlükəsiz yolu ola bilərmi? [Since therefore the knowledge and survey of vice is in this world so necessary to the constituting of human virtue, and the scanning of error to the confirmation of truth, how can we more safely, and with less danger, scout into the regions of sin and falsity than by reading all manner of tractates and hearing all manner of reason? (Cambridge 1918, p.21) ]
Milton sonralar ABŞ Ali Məhkəməsinin Abrams v. United States (1919) qərarında xüsusi rəy yazan Oliver Wendell Holmes Jr.-un “marketplace of ideas”* dediyi ifadə azadlığı nəzəriyyəsinin toxumlarını səpirdi:
Həqiqətlə birgə digər bütün doktrinaların rüzgarları yer üzündə əsərkən, həqiqətin gücündən şübhə edib onu lisenziya və senzuaraya məruz qoymaqla ona zərər vermiş oluruq. İcazə verin Həqiqət və Yalan cəng etsin, azad bir mübarizədə Həqiqətin məğlub olacağını kim iddia edə bilər?! [ And though all the winds of doctrine were let loose to pla upon the earth, so Truth be in the field, we do injuriously, by licensing and prohibiting, to misdoubt her strength. Let her and Falsehood grapple; who ever knew Truth put to the worse, in a free and open encounter? (Cambridge 1918, p.58) ]
Sonralar John Stuart Mill bu fikirləri “On Lİberty”sində bir az daha inkişaf etdirərək sərrast bir şəkildə fikirləri senzura etməyin əslində bir cəmiyyətin gələcəyinə vurulmuş ən böyük zərbə olduğuna razılaşdırırdı oxucularını:
Bir fikrin ifadə edilməsinin qarşısını almaq, o fikrə sahib olanlardan daha çox ona qarşı çıxan bugünkü və gələcək nəsillər daxil olmaqla bütün insanlığa qarşı pislik etməkdir. Sözügedən fikir əgər doğrudursa, insanlıq yanlışı həqiqətlə əvəz etmək şansını, əgər yanlışdırsa yanlışla mübarizədən doğan həqiqətin daha açıq və parlaq çöhrəsini itirəcəkdir.
Ümumiləşdirsək, Mill bu kitabda aşağıdakı tezisləri irəli sürərək insanın ən təməl ehtiyacı olan həqiqət axtarışını təmin etmək və dolayısıyla maddi və mənəvi inkişafı üçün yanlış fikirləri də eşitməyə haqqı çatdığını iddia edirdi:
- Susdurmağa çalışdığımız fikrin doğru olmaq ehtimalı olduğu üçün fərqli fikirlərə qarşı yanılmazlıq iddiası qəbuledilən deyil
- Susdurulan fikir qismən də olsa özündə həqiqət ehtiva edə bilər. Mövcud fikrin inkişafı üçün bizim bu həqiqətlərə ehtiyacımız var.
- İnsanların müdafiə etdikləri fikirlərin əsaslarını bilməkləri üçün onun müzakirə etməyə ehtiyacları var
- Müdafiə edilən fikir həqiqət belə olsa mübahisələndirilmədiyi müddətçə gücünü itirir. Fikirlərin başqa fikirlərlə çarpışıb itilənməyə ehtiyacı var.
Mill “On Liberty”ini 1859-cu ildə yayımlamışdı. O dövr üçün ifadə azadlığı və ümumiyyətlə digər azadlıqlara qarşı təhlükə dövlətlərdən gəlirdi. Amerikan hüququnda buna “state action” doktrinası deyirlər. Yəni insan hüquqları pozuntularını dövlətə qarşı irəli sürmək olar, özəl şəxslərə qarşı yox. Millin həmin dövr üçün dahiyənə müşahidəsi isə o idi ki, ifadə azadlığını yalnız dövlət pozmur, ifadə azadlığına dövlətdən daha böyük təhlükə cəmiyyət ola bilər. Mill hələ 19-cu əsrdə sjw-ləri, woke-ları və kimlik siyasəti fonunda formalaşmış linç mədəniyyətini nişan alırdı. Özündən dinləyək:
Dövləti idarə edənlərin istibdadına qarşı müdafiə kifayət deyil, eyni zamanda cəmiyyətdə hakim olan duyğu və düşüncələrin diktəsinə qarşı da müdafiə lazımdır. Cəmiyyətin öz düşüncə və ənənələrini bunlara qarşı çıxanlara zorla qəbul etdirmə və hər hansı bir şəxsiyyətin inkişafına mane olaraq bütün fərdləri cəmiyyətin ümumi qəliblərinə tabe olmağa məcbur etmə meylinə qarşı da müdafiə mütləqdir.
Bu klassik mətnlər, başqa sözlə, ifadə azdlığının bu qədim öyüdləri linç mədəniyyətinin modern görüntülərinə qarşı dirənmək üçün xatırlanması lazım gələn “nəfəs”liklərdir məncə…
Ümumiyyətlə isə….
Linç mədəniyyəti insanların ibtidai instinktlərinə dönüş edərək bütün varvarlığını büruzə verdiyi məqam, kütləvi dəlilik təmrinidir. Sivilizasiyanın, hüququn və mədəniyyətin inkarıdır. Niyəsə bunun virtual formada təzahürü insanları o qədər də narahat etmir. Birinin etibarına sui-qəsd etmək, işini itirmək üçün donos yazmaq, bir sözlə, mədəni ölümə məhkum etmək hədəsi ilə ifadə azadlığını məhdudlaşdırmaq cəhdləri hansısa dəyərlər naminə legitimləşdirilə bilməz.
Dəyərlərinə güvənən imkan versin şər olduğunu iddia etdiyi fikirlərlə özünün haqq olduğunu iddia etdiyi fikirləri çarpışsın. Bu çarpışmada kimin fikrinin düzgün, kimin fikrinin yanlış olduğuna cəmiyyət özü qərar verəcək. Cəmiyyətin sizin onu zərərli fikirlərdən qorumağınıza ehtiyacı yoxdur.
Bu yanaşmayla siz həm də insanları sizin paternalist qorumanıza ehtiyac olan infantillər hesab edirsiniz dolayısıyla… Bütün totolitar ideologiyalar kimi…
Adama deyərlər bu nə təkəbbürdür?! Bəlkə Həqiqət Nazirliyi də qurasınız?
*“The best test of truth is the power of the thought to get itself accepted in the competition of the market.”
