Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır (kons. m. 1) və xalq məhkəmə hakimiyyətini məhkəmələr vasitəsi ilə həyata keçirir (kons.m.7). Hakimiyyətin mənimsənilməsi isə xalqa qarşı ən böyük cinayətdir (kons. m.6).
Yəni ki, sizin məhkəməyə çıxmış çəkişməniz barədə qanunvericiliyə görə təyin edilmiş hakim yox, hakimlik səlahiyyəti olmayan biri qərar verirsə bu artıq hakimiyyətin mənimsənilməsi sayılır.
Nəinki hakimin əvəzinə qərar vermək, hətta hakim qərarına təsir göstərmək də prosessual hüquqda qadağandır (MPM m. 7.3, CPM m. 25.6, Kons. M. Qanunu m. 5.2 ) və bu yanaşma da elə hakimiyyətin mənimsənilməsinin qarşısının alınmasına xidmət edir.
Elə buna görə də prosessual qanunvericilik ekspert rəylərinə çox həssas yanaşır. Diqqət etsəniz bütün prosessual qanunvericiliklər hakimin icraatındakı işlə bağlı eskpert rəyini yalnız və yalnız texniki bilik tələb edən məsələlərlə bağlı ala biləcəyini vurğulayır. Yəni argumentum e contratio belə çıxır ki, hakim icraatındakı işlə bağlı hüquqi rəy ala bilməz. Hətta bəzi qanunvericiliklər işlərini daha da qarantiyaya almaq üçün açıq-aydın formada bunu tənzimləyir. Məsələn Türkiyə MPM m. 266-ya görə “ümumi bilik və təcrübəylə, yaxud hakimlik peşəsinin tələb etdiyi hüquqi biliklə həlli mümkün olan mövzularda ekspertiza təyin edilə bilməz. Hüquq təhsili almış şəxslər, hüquq sahəsi xaricində bir sahədə mütəxəssis olduqlarını sənədlə sübut etmədikləri təqdirdə ekspert olaraq təyin edilə bilməzlər.” (Müqayisə üçün Fransa MPM m. 238, İsveçrə MPQ m. 183)
Bizim MPM də xüsusi biliyə malik olan şəxslərin ekspert olaraq təyin edilə biləcəyini vurğulayır. Başqa sözlə hakimə hüquqi məsələrlə bağlı kənardan kömək almağı qadağan edir. (m.66) Bunun əksini düşünmək əşyanın təbiətinə zidd olardı. Təsəvvür edin evinizdəki kombi nasazdı deyə kombi ustası çağırmısınız, o da gəlib sizə deyir ki, bunu düzəltmək üçün kombi ustası lazımdır.
Yaxud da, dişinizə dolğu etdirmək üçün stomatoloqa getmisiniz, stomatoloq sizi əyləşdirir və youtube-da başqa həkimlərin dolğu qoymaq barədə təlim videolarını baxaraq dişinizə dolğu qoymağa çalışır. Özünüzü necə hiss edərsiniz? Çox güman ki, qəzəblənib oranı tərk edərsiniz. Ancaq bəlkə də bundan daha vacib məsələlərdə, — şəxsiyyətimiz, əmlakımız, gələcəyimiz barədə hüquqi məsələləri həll etməyi həvalə etdiyimiz Konstitusiya Məhkəməsi həmin hüquqi məsələləri ekspert-hüquqşunaslardan soruşur və onların rəyinə əsasən qərar verir.
Bəzən hətta trajikomik hadisələr də baş verir. Ekspert rəylərini KM olduğu kimi qərarına kopyala-yapışdır etdiyi üçün ekspertlərin səhvləri də KM qərarlarında görünür. Məsələn aşağıdakı çıxarış verdiyim KM qərarında (ARKM, Qərar, 26/12/2023) çox güman ki, bir ekspertin bizim dildə olmayan (“yönləndirmək”, “şəkilləndirmək” ) sözləri bizə türk serialı hissi verir.
Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır.
Ola bilər ki, Konstitusiya məhkəməsi haqqında Qanunun 45-ci maddəsi bu məsələdə əks-arqument olaraq ağlınıza gəlsin. Çünki həmin maddədə deyilir ki, “…Konstitusiya Məhkəməsinin iclasında baxılan məsələ üzrə elmi və ya başqa xüsusi biliyə malik olan şəxsi ekspert kimi dəvət edə bilər.”
Gəlməsin! Çünki, burdakı “elmi” sözü hüquq elmini ehtiva etdiyi təqdirdə bu açıq-aydın yuxarıda qeyd etdiyim Konstitusiya maddələrinə zidd olacaq. İkincisi isə, bu “elmi”nin konstitusiyaya uyğun təfsiri tələb edir ki, onu hüququn xaricindəki elmlər olaraq başa düşək. Konstitusiya Məhkəməsinin tez-tez istifadə etdiyi təbirlə desək, normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır. Yəni həmin müddəadakı elmi biliyə malik olan şəxs hüquqşunas ola bilməz!
PS. Məhkəmə hakimiyyətinin “outsource” edilməsi
Ümumiyyətlə ekspert rəyi və amicus curiae arasındakı fərqi izah etmək, nəinki bunu izah etmək, ümumiyyətlə milyonlarla informasiya mənbəyi olan dövrdə burda informativ nəsə yazmaq yersiz işdir. Sadəcə müəyyən nüansları qeyd etməklə KM-nin ekspert rəyləri barədə fərqində olmadığımız məqamlara diqqətinizi çəkə bilərəm.
Səhv eləmirəmsə kontinental sistemlərdə Fransız mənşəli olan amicus curiae institutu bizdə də elə fransız təhsilli Ali Məhkəmə sədri təyin ediləndən sonra dəbə mindi. Təəssüf ki, elə Fransadakı kimi bizdə də amicus curiae MPM-ə daxil edilmədən “tədavül”ə buraxıldı. Amma gördüyünüz kimi Ali Məhkəmə şəffaf şəkildə elan verir və qərarla maraqlarına toxunulma ehtimalı olan şəxsləri amicus curiae verməyə dəvət edir. Bir növ məşvərətçi demokratiya nümunəsi (gurultulu alqışlar). Prosessual institut olmadığı üçün Həsən rəy göndərib, Hüsen rəy yazıb , obyektiv rəydir, yoxsa yox, maraqlı deyil. Mənim eskpertə etiraz hüququm var, amma amici-ə yoxdur. Çünki, amicus curiae obyektiv olmaq məcburiyyətində deyil. ABŞ-da filan 3-cü şəxs qismində işə qoşulmaq bahalı olduğu üçün işdə tərəf olanlar belə amicus curiae variantından istifadə edir ki, işi uduzanda xərcə düşməsinlər.
Nəsə gələk bizim KM-dəki əcaib vəziyyətə:
Bir fakt deyim! 2023–2025-ci illərdə KM Mülki hüquq sahəsində 14 qərar verib, bu qərarların 12-sində, təkrar edirəm 12-sində eyni ekspertdən rəy alıb. Eyni dövrdə Əmək hüququ barədə 7 qərar verib və 7-sində də, başqa sözlə, hamısında eyni ekspertdən rəy alıb. Belə ekspertiza olmur, belə amicus curiae olmur, cənablar (ya da, nə bilim, xanımlar)! Bu olsa olsa məhkəmə vəzifəsinin deleqasiyasıdır! Başqa sözlə, məhkəmə hakimiyyətinin outsource edilməsidir, kənardan xidmət almaqdır. Hər nədirsə, sui generis bir şeydir.
Bundan başqa, siz elə bilirsiz ki, KM abort, surroqat analıq, eyncinsli evliklər, orqan donorluğu, evtanaziya və s. praktik etik dilemmaları həll etmək məcburiyyətində qaldığı üçün maraqlı qruplardan, ixtisaslaşmış qurumlardan dərin sosial qütbləşmə yaradan mübahisəli məsələlərin hüquqi həlli barədə rəy alır? Yox, əlbəttə! KM-nin həll etdiyi məsələlər adətən iddia müddəti, sahiblik, reyesterin düzgünlüyü prezumpsiyası, vicdanlı alıcı kimi hüququn əlifbası ilə bağlı olur. Dolayısıyla, buradakı eskpertiza təyini öz işini başqasına gördürməkdir. Nə demək istədiyimi daha yaxşı anlamaq üçün KM qərarlarındakı tək-tük xüsusi rəylərə baxa bilərsiniz.
Sonda isə onu da nəzərə alın ki, KM ekspertizanı, qanunvericilikdən çıxarılsa da faktiki olaraq konkret norma nəzarəti effekti verən instansiya məhkəmələrinin müraciətlərində və fərdi şikayətlərdə də istifadə edir. Amma konstitusiya icraatında ekspertiza ilə bağlı prosessual qarantiyalar yoxdu, başqa sözlə, ekspertə etiraz institutu mövcud deyil! Necədi?
