Abort, eynicinsli evliliklər, irqçilik kimi siyasi məsələlərdə artıq “yanlış” sayılan mövqeləri müdafiə edənlər, yaxud bu mövzularda hətta kiçik tərəddüdü olanlar, işlərini itirə, fikrini ifadə etmək üçün lazım olan platformalardan məhrum ola, bir sözlə, mədəni ölümə məhkum edilə bilərlər.
Dünən Roland Bart faşizm, danışmaq qadağası yox, demək məcburiyyətidir deyirdisə, bu gün artıq anti-irqçi qruplar sükut zorakılıqdır deyərək kampaniyalar keçirir, hətta bu mövzularda nəinki “yanlış” fikir bildirənləri, ümumiyyətlə fikir bildirməyənləri belə irqçi elan edirlər.
Bu cür siyasi iqlimdə daha əvvəl ifadə azadlığının qədim öyüdlərini xatırladaraq əslində bir növ liberalizmin prosedural təminatlarına pənah aparmaq lazım gəldiyini qeyd etməyə çalışmışdım. Çünki ifadə azadlığının qədim öyüdləri əslində ifadə azadlığını özündə bir dəyər olduğunu iddia edən nəzəriyyələrdən (şəxsi muxtariyyət/özünü realizə etmə) fərqli olaraq vasitəçi nəzəriyyələrdir. Yəni ifadə azadlığı hansısa hədəfə çatmaq üçün bir vasitədir, özündə bir məqsəd deyil. İfadə azadlığı lazımdır, çünki həqiqəti tapmağa kömək edir. İfadə azadlığı lazımdır, çünki demokratik məşvərətçiliyi dəstəkləyir və s. Burada ifadə azadlığı özlüyündə bir dəyər deyil, əksinə dəyər-neytral təsisat olaraq tərəfsiz mexanizmlərin məcmusudur. Dolayısıyla ifadə azadlığının vasitəçi nəzəriyyələri, yaxud qədim öyüdləri hansısa dəyərdən tərəf deyil, əksinə yarışan dəyərləri təşviq edərək cəmiyyətdəki daimi düşmənçiliyin qarşısını almağa xidmət edir.
Əslində bu kontekst Karl Şmittin “dəyərlərin tiranlığı” konsepsiyasına keçid üçün ideal dayanacaqdır. Burada Karl Şmittin öz fikirlərindəki dönüş hekayəsi və spesifik olaraq dəyərlərin tiranlığı ilə demək istədikləri, indilərdə öz dəyərləri barədə universal obyektivlik iddiasında olub və dolayısıyla bundan cəsarət alaraq bu dəyərləri təhəkküm vasitəsinə çevirənlər üçün kifayət qədər düşündürücü ola bilər.
Karl Şmittin müharibədən əvvəlki düşüncələri tamamilə dəyər-neytral liberalimzin və xüsusi ilə “dəyər”siz Veymar konstitusiyasının ağır tənqidi ilə yadda qalmışdı. Şmittin Üçüncü Reyx zamanı nasistlərə simpatiyası vardı və siyasətin dəyərlər üzərindən aparılmasını iddia edirdi. Ancaq 2-ci dünya müharibəsindən sonra Bonn konstitusiyası ilə qurulan yeni dövlətdə nasist simpatiyasına görə o və onun kimilər xüsusi ilə məhkəmələr vasitəsi ilə təzyiqə məruz qalırdı. Düzdü, Şmitt, Haydeqqerdən fərqli olaraq heç vaxt bu nasist keçmişinə görə üzr istəmədi və heç vaxt da akademiyaya geri qayıtmadı.
Bir növ keçmişin zalımı, indinin məzlumu olan Şmitt, tələbəsi Ernst Forsthoffun təşviqi və dəvəti ilə Ebrachda təşkil edilən publik hüquqla bağlı silsilə seminarların birinə 1960-cı ildə qısa (sonradan kiçik bir təqdimat yazaraq 1967-ci ildə çap etdirdi) Dəyərlərin tiranlığı: Bir hüquqşunasın dəyər fəlsəfəsi haqqında mülahizələri sərlövhəli bir esse göndərdi. * Həmin essedə Şmitt müharibədən əvvəlki fikirlərindən dönüş edərək Bonn konstitusiyasını bir dəyərlər sistemi olaraq qəbul edilməsini və tətbiq edilməsini ciddi tənqid etməyə başladı.
Şmitt dəyərlərin sürüşkən olduğunu görürdü. Dəyər şkalasındakı dəyərlərin yeri zamanla dəyişirdi. Dünənin dəyərləri, bu gün daha az dəyərli, dəyərsiz və hətta dəyər-xarici ola bilərdi. Şmitt dəyərlərin normalara çevrildiyi anda fanatizmin və istibdadın labüd olduğunun da fərqinə varmışdı. Ona görə də liberalizmin dünyanı dəyər-neytral qavrayışı bu mənada əhvən-i şər ola bilərdi.
Şmitt “Dəyərlərin tiranlığı”na yazdığı təqdimatda dəyərlərin ölçüləbilən olma xüsusiyyəti baxımından iqtisadi sahəyə aid olduğunu və hüquq baxımıdan da vergi, sığorta, kommersiya, əmlak zərərlərinin kompensasiyası kimi sahələrdə bir məna kəsb edə biləcəyini təsbit etməklə başlayırdı işə… Burdan yola çıxaraq da hansı cinahdan olur olsun bir “dəyər” iddiasının avtomatik olaraq həmin iddianının iqtisadi sahəyə və dolayısıyla qiymətləndirilə bilən sahəyə keçidlə nəticələncəyini vurğulayırdı;
Bu keçid mütəmadi olaraq yenidən dəyərləndirmə imkanı təqdim edir. Həm dəyər sisteminin özünü yenidən dəyərləndirməyi, həm də dəyər şkalası içində baş tutan yer dəyişdirmələrin yenidən dəyərləndirilməsi imkanı…Bu imkan isə dəyərsiz olanın dəyərləndirilməsi və dəyər-xarici olanın məhv edilməsi üçün fantastik imkanlar yaratmaq deməkdir… s. 21
Şmittin dərdi burda dəyər şkalasında aşağıda və yuxarıda olmaqdan daha çox ümumiyyətlə bir “şey”in mövcud vəziyyətindən çıxaraq bir dəyərlər sisteminə aidiyyatla “dəyər” olması baxımından mütləq mənada dəyər-xarici olanı da yaratmasını təsbit etmək idi.
Həmişə ali dəyər olaraq vəz edilən şey (bu istər tanrı, istər bəşəriyyət, istər fərd, istər azadlıq, istər ən çox sayda insanın ən çox xoşbəxtliyi, istərsə də akademik azadlıq olsun) hər şeydən əvvəl bir dəyər olacaq, bundan sonra ali dəyər mərtəbəsinə yüksələcəkdir. Bir şey əgər dəyər olmayacaqsa dəyərlər şkalasında da qətiyyən bir yeri olmayacaq. Dəyər olmayan bir ali dəyəri (überwert) heç bir dəyər sistemi tanımaz. Bu kontekstdə isə əlbəttə dəyər sistemindən xaric edilmək məcburiyyətində qalan dəyər-xarici qalır. Zira, dəyər-xaricinin mütləq inkarı pozitiv dəyərdir. s. 22 (fərqləndirmə mənə aiddir)
Dolayısıyla, Şmitt ümumiyyətlə dəyərlər sisteminin qəbulunun, özüylə bərabər dəyər-xaricini yaradacağını və bunun da daimi bir müharibəyə və hər kəsin kəslə davasıyla nəticələnəcəyini vurğulayır. Hətta bu hər kəsin hər kəslə davası elə şiddətli ola bilər ki, Hobbsun təbiət halındakı hər kəsin hər kəslə düşmənçiliyi mottosu bunun yanında toya getməli olar. Çünki, dəyərlər vəz edilməklə keçərli olur və insan subyektivliyindən azadə deyil.
Dəyərlərin qüvvədə olması “vəz etmə aktı”na əsaslanır. Bəs bu dəyərləri kim “vəz edir” (təsbit edir)? Maks Veberdə bu suala ən aydın və bu baxımdan da ən dürüst cavabları tapırıq. Veberə görə dəyərləri tam və sırf subyektiv qərar azadlığı içində vəz edən insandır. Bu yolla o, elmi pozitivizmin mütləq “dəyərsizlik” vəziyyətindən yayınır və onun qarşısına öz sərbəst, yəni subyektiv dünya görüşünü qoyur. Lakin dəyərlərin sırf subyektiv şəkildə müəyyən edilməsi (vəz edilməsi) dəyərlərin və dünya görüşlərinin əbədi mübarizəsinə gətirib çıxarır. Hamının hamıya qarşı müharibəsinə, başqa sözlə, bellum omnium contra omnes adlı əbədi savaşa… Bu elə bir savaşdır ki, onunla müqayisədə, köhnə bellum omnium contra omnes və hətta Tomas Hobsun dövlət fəlsəfəsindəki qanlı “təbiət vəziyyəti” bunun yanında cənnət qalar. s. 35
Şmitt özümüzü aldatmayaq deyir. Çünki, bir dəyər varsa bu, mütləq mənada subyektivdir və onun dəyər ola bilməsi başqalarına qəbul etdirilməsindən asılıdır. Dəyərlər vəz edilməklə (qoyulmaqla) var olur. Şmitt, Proudhonun “tanrıdan bəhs edən biri aldatmaq istəyir” sözünü improvizə edərək “kimsə sizə bir dəyər “qüvvədədir” deyirsə və bunun heç bir insanın qüvvəyə qoymadığını, öz özünə qüvvədə olduğunu iddia edirsə aldatmaq istəyir” deyərək dəyərlərin birinin onu “qoyması”ıyla var olduğunu, dolayısıyla, zorakı təbiətini təsbit edir.
Kim “dəyər” deyirsə, onu qüvvəyə mindirmək və qəbul etdirmək istəyir. Fəzilətlər icra olunur, normalar tətbiq edilir, əmrlər yerinə yetirilir, amma dəyərlər qoyulur (təsis edilir) və qəbul etdirilir. Onların qüvvədə olduğunu iddia edən şəxs onu qüvvəyə mindirməlidir. Heç bir insan tərəfindən qüvvəyə qoyulmadan dəyərlərin qüvvədə olduğunu deyən biri aldatmaq istəyir. s. 37
Şmitt beləliklə “dəyərlər”in subyektivliyini, zorakı təbiətini və daima nifaq mənbəyi olduğunu müəyyən etdikdən sonra öz vəziyyətinin də yaxşı bir nümunə olduğu dəyərlərin dəyişkənliyi, bəlkə də daha dəqiq ifadəylə, sürüşkənliyi məsələsini saf-çürük etməyə başlayır. Dəyərlər vasitəsi ilə zalımlıqdan məzlumluğa, yaxud da əksi çox asandır və Şmittin həyatı da buna ən yaxşı misallardan biridir. Dəyərlər bir başlanğıc nöqtəsi/hücum nöqtəsi tələb edir və bu nöqtə də yenidən dəyərləndirmələrlə hər dəfə dəyişə bilər.
Bir şeyin dəyəri olub-olmaması və nə qədər dəyərə malik olması, bir şeyin dəyərli olub-olmaması və hansı səviyyədə dəyərə malik olması, yalnız əvvəlcədən müəyyən edilmiş bir mövqe və ya baxış nöqtəsindən müəyyən edilə bilər. Dəyər fəlsəfəsi bir “nöqtə-fəlsəfəsi”dir, dəyər etikası isə bir “nöqtə-etikası”dır. s. 37
Beləliklə, sonda Şmitt bu əqli mühakimənin bizi gətirdiyi yeri təsvir etməyə başlayır. Hər hansı bir dəyəri normaya çevirdiyin anda artıq qarşı tərəfin layiq olduğu şey məhv olmaqdır. Çünki, bunu əşyanın təbiəti tələb edir. Həqiqətən də “haqlı dava”nda qarşı tərəfin çəkəcəyi hər cəfa rəvadır. Bu mübarizədə qarşı tərəflə nəinki aktiv mübarizə aparmaq, hətta qarşı tərəfə salam vermək belə “günah”dır.
Dəyər nəzəriyyəsi, gördüyümüz kimi, “haqlı dava” məsələsinin müzakirəsində öz əsl zəfərini yaşayır. Bu, əşyanın təbiətindən irəli gəlir. Qarşı tərəf ən kiçik hörmətə belə layiq deyil. Hətta əksinə, əgər həmin tərəfə qarşı aparılan mübarizə ən yüksək dəyərlər uğrunda aparılan mübarizədirsə, o hörmət də artıq “dəyərsizlik”ə çevrilir. Dəyərsizlik, dəyərə qarşı heç bir haqqa malik deyil və ən yüksək dəyərin həyata keçirilməsi üçün hər yola əl atmaq olar. Bu halda nəticə etibarilə yalnız iki tərəf qalır: məhv edənlər və məhv edilənlər. s. 44
Şmitt zehnimizdə 2-ci dünya müharibəsi haqqında filmlərdən xatırladığımız bir səhnə canlandıraraq yekunkaşdırır fikirlərini… Bəlkə də yadınıza düşər, bu tip filmlərdə adətən dramatik vağzal səhnələri olur. Bir düşərgədən digərinə daşınan miskin vəziyyətdəki əsirlər perronda sozalır, əldən düşmüş bəziləri isə bəlkə də ölümə göndərilmək üçün inzibatçılar tərəfindən qruplaşdırılır. Şmitt, məhz “dəyər” fetişizmi nəticəsində bəzi həyatları perronda qalmağa layiq görürük deyə xəbərdarlıq edir. Növbəti bir sitat bahasına özündən dinləyək:
Nəşrə layiq olmayan yazıların dərcini və ifadəyə layiq olmayan fikirlərin söylənməsini qadağan etmək, çap olunmağa layiq olmayan kitab və məqalələrin hələ mətbəədə ikən qarşısını almaq, daşınmağa layiq olmayan şəxslərin və ya əşyaların hələ vağzalda və ya perronda yola çıxmasını mümkünsüz etmək… Bütün bunlar “dəyərsizlərin məhv edilməsinə icazə verilməsi” şüarı altında tələb oluna bilərdi və bunların hamısı yalnız ali dəyərlərin alçaq dəyərlərə, hətta tamamilə dəyərsizlərə qarşı birbaşa həyata keçirilməsi olardı. s. 45
Şmitt essenin son paraqrafında isə hüquqşunaslara xitab edir və onları hansısa “dəyər”in mirzəsi olmaqdan çəkinməyə səsləyir:
Dəyərlərin birbaşa icraçısı olmağa aludə olmuş bir hüquqşünas nə etdiyini yaxşı bilməlidir. O, dəyərlərin mənşəyini və quruluşunu nəzərə almalı, dəyərlərin tiranlıq və birbaşa təhəkküm vasitəsi olması probleminə laqeyd yanaşmamalıdır. Bir dəyərləndirici, dəyərləri yenidən dəyərləndirən, dəyəri artıran və ya azaldan şəxs olmağı qərara almadan və dəyərləri daşıyan, onları hiss edən bir subyekt olaraq subyektiv və ya obyektiv dəyər iyerarxiyasının müəyyən etdiyi qərarları hüquqi qüvvəyə malik məhkəmə qərarları şəklində elan etmədən əvvəl müasir dövrün dəyər fəlsəfəsini dərindən idrak etməlidir. s. 46
Əslində Şmittin bu finalından sonra əlavə nəsə yazmaq bir az çətindir. Ancaq son olaraq bu günlərdə rəvacda olan populist liderlər və avtoritarlaşma meyilləri fonunda Şmittin yarım əsr əvvəlki xəbərdarlıqlarının necə qiymətli olduğunu vurğulamamaq ədalətsizlik olar. Ümumiyyətlə dövlət avtoritarlaşmağa təşnədir. “Dəyərlər”in davası isə avtoritarlaşma üçün münbit şərait yaradır. Çünki, istənilən iqtidar suverenlik sahəsində kontrolunda olmayan dava istəmir və həmişə avtoritarlaşmanı bu davaları kontrol etmək bəhanəsi ilə legitmləşdirir. Bundan başqa bir də intiqam almaq üçün pusquda gözləyən dünənki məzlumlar var. Müəyyən dəyərlərin tiranlığından təngə gələn bu “məzlumlar” populist liderlərə pənah aparmaqda tapır çarəni… Woke virusu tərəfindən uşağının əlindən alındığını iddia edən İlon Mask var gücüylə çalışıb Trampı prezident seçdirir. Tramp isə inzibati yollarla woke-un mədəni hegemoniyasını yıxmağa başlayanda dünənin zalımları artıq bu günün məzlumlarına çevrilir və “due process” bağırtıları asimana bülənd olur.
*Bu yazıda alman dilindən tərcümə olan Pinhan nəşriyyatının dərc etdiyi mətn istifadə edilmişdir. (Schmitt, C. Değerlerin Tiranlığı: Bir hukukçunun değer felsefesi hakkındaki mülahazaları (M. C. Ozansü, Çev.), Pinhan Yayıncılık, 2022). Carl Schmitt’in “Dəyərlərin Tiranlığı” adlı essenin nəşr hüququ əlində olan alman Duncker & Humblot nəşriyyatı bu əsərin türk dilinə tərcümə edilməsi və nəşrinə veriləcək icazənin ancaq Christoph Schönbergerin “Dəyərlər Hüquq üçün Təhlükədirmi?” başlıqlı məqaləsinin də tərcümə edilərək əsas mətnlə birlikdə yayımlanması şərtinə bağlı olacağını bildirmişdir. Bu baxımdan “Dəyərlərin tiranlığı” mətninə bəzi cəhətlərdən tənqidi yanaşmağa çalışan və onu alman dilindən başqa dillərdə də tək buraxmayan Schönbergerin məqaləsi türk nəşrində məcburi qaydada olsa da, Karl Şmittin bu esseni yazmaqdakı motivasiyası və ümumiyyətlə essenin yazılma kontekstini anlamaq üçün bu məqaləni oxumaqda fayda var. Bundan başqa yenə konteksti anlamaq üçün xüsusi ilə Şmittin bu esseni Alman Konstitusiya Məhkəməsinin “Lüth” qərarına reaksiya olaraq yazdığını iddia və esseni bu qərarla əlaqəli şəkildə analiz edən elə esseni də ingilis dilinə tərcümə etmiş Zeitlinin bu məqaləsinə də baxmaq olar: Zeitlin, S. G. (2020). Indirection and the Rhetoric of Tyranny: Carl Schmitt’s The Tyranny of Values 1960–1967. Modern Intellectual History, 18(2), 427–450. Cambridge University Press.
