← Bütün yazılarAll posts

Maddə 60 yazıları (1): Girizgah

Cabir Əliyev 5 dəq oxu5 min read

Artıq 14 ilə yaxındır ki, Azərbaycan məhkəmə sistemini həm “kənar”dan, həm “içəri”dən izləyirəm. Ölkə xaricində qəzetlərdən izləməyi bir kənara qoysaq, bizim məhkəmələrlə real tanışlığım 2011-ci ilin ortalarına təsadüf edir. Səbail Rayon Məhkəməsində məhkəmə proseslərinin ədalətli mühakimə hüququna uyğunluğunun monitorinqini aparımaqla başlamışdım “kənar”dan müşahidələrə…

İndiki kimi yadımdadır, elə ilk günlərdən kitabi biliklərin sistemin özünəməxsus “bug”ları sayəsində necə dalana dirəndiyini müşahidə etmişdim. Məsələn, mən ədalətli mühakimə hüququnun tələbi olaraq prosesin təqsirləndirilənin bildiyi dildə aparılmalı olduğunu, əks təqdirdə də tərcüməçi ilə təmin olunması lazım gəldiyini bilirdim. Ancaq Səbail Rayon Məhkəməsində analiz etməyə çətinlik çəkdiyim, bir az da məzəli başqa situasiya var idi. 3 saylı məsləhətxanadan dövlət hesabına cinayət işlərində iştirak etmək üçün bir vəkil gəlirdi. Adı Natalya idi və azərbaycan dilini bilmirdi. Proseslər azərbaycan dilində aparılanda vəkil gözlərini bərəldərək hakimin, dövlət ittihamçısının və təqsirləndirilənin emosiyalarından söhbətin nədən getdiyini anlamağa çalışırdı. Birdən də hakim və prokuror bezib rus dilində danışmağa başlayırdılar… Bu dəfə də gözlərini bərəltmək növbəsi təqsirləndirilənə keçirdi.

Bir dəfə Natalya xanım müdafiə nitqini bitirəndən sonra hakimin müşavirəyə getməyini fürsət bilib təqsirləndiriləndən soruşdum ki, necə idi, çıxışdan razı qaldınız? Dedi vəkilin dediklərini başa düşmədim amma yaxşı xanıma oxşayır, yəqin ki, yaxşı danışıb. Elə bu dəm hakim müşavirədən qayıtdı və məlum oldu ki, təqsirləndirilənin başa düşmədiyi amma fəhmlə yaxşı olduğuna ümid etdiyi vəkilin çıxışı işə yaramayıb. Azadlıqdan məhrumetmə cəzası aldı təqsirləndirilən… Növbəti dəfə sistem təzəcə semestr imtahanlarını bitirmiş tələbə arxayınlığı ilə insan talelərini həzm-rabedən keçirir və “uf” da demirdi… Sistemin etinasız üzünü görmüşdüm…

Sonradan sistemin başqa üzlərini də görməyə başladım. Deyim ki, həmin vaxtlarda müstəqillik dövrünün ilk “apolitik” siyasi məhbusları və gənclər arasında da kifayət qədər populyarlaşan Adnan Hacızadə və Emin Millinin məhkəmə işlərinin səs-küyü hələ yenicə səngiyirdi. Ancaq çox keçmədən sistem özünü yenidən xatırlatdı. Bu dəfə AzTV-nin ənənəvi müxalifət olaraq adlandırdığı AXCP- Müsavat üzvləri mitinqə görə həbs olunmuşdular və məşhur “2 aprel məhbusları”nın işi başlamışdı. Bu iş və ümumiyyətlə sonradan izlədiyim bir çox “siyasi iş”də Günter Yakobsun düşmən cinayət hüququ* anlayışının o kitab səhifələrindəki hərf və sözlərdən necə dövlət ittihamçılarının və hakimlərin timsalında ətə-qana büründüyünü müşahidə edirdim. Demək ki, sistem siyasi iradənin maraqlarını təmin etmək üçün alət olmağı özünə rəva görə bilirmiş. Vay vay! Getdi mühazirə zallarındaki romantik-idealist ədalət təranələri… Bu dəfə sistemin üzü yox idi. Sistemin simasızlığını görmüşdüm…

Siyasi işlərdə müdafiə tərəfi adətən fransız vəkil Jak Verjesin “meydan oxuma” strategiyasından istifadə edirdi.

Burda yeri gəlmişkən bir haşiyə çıxım, həm Jak Verjesin bu müdafiə strategiyasını konseptləşdirdiyi kitabını tövsiyə edim, həm də bir az daha ətraflı məlumat verim bu strategiya barədə…

“Şeytanın vəkili” ləqəbi ilə də tanınan Jak Verjes, orijinal adı “De la stratégie judiciaire” (1968) olan məşhur kitabında** müdafiə taktikasını iki fundamental yanaşmaya ayırır: “La Rupture” (meydan oxuma) və “L’Adhésion” (yovuşdurma). Onun “Rupture” adlandırdığı strategiya, təqsirləndirilənin təqsirsizliyini sübut etməyə çalışmaq əvəzinə, məhkəmənin və ittiham edən sistemin özünün legitimliyini və dəyərlərini şübhə altına almaqdır. Kitabda bu strategiyanın ilk nümunəsi kimi Platonun “Apologiya” əsərində təsvir edilən Sokratın müdafiəsi göstərilir. Sokrat, ona qarşı irəli sürülən ittihamlar (gənclərin əxlaqını pozmaq, şəhərin tanrılarına inanmamaq) qarşısında özünü müdafiə etmir. Bunun əvəzinə Afina məhkəməsinin özünü və onun dəyərlərini saf-çürük edir. O, aman diləmək yerinə, öz prinsiplərindən dönməyəcəyini bəyan edərək ittihamçılarının mənəviyyatını mühakimə edir və beləcə, öz məhkəməsini Afina cəmiyyətinin dəyərləri üzərində bir dərsə çevirir. Bu, sistemin qaydalarını rədd edən əsl “meydan oxuma”, hərfi tərcümədə “qopuş” nümunəsidir. Məhkəmə zallarını öz fikirlərini daha geniş kütlələrə çatdırmaq üçün tribunaya çevirmək strategiyası…

“Adhésion” strategiyası isə sistemi qəbul edib oyunu qaydalara uyğun oynamaq anlamına gəlir. Bu zaman vəkil məhkəmə sisteminin qaydalarını qəbul edir və bu çərçivədə müdafiə qurur. Verjes bu strategiyanın adətən siyasi olmayan, “adi” cinayət işlərində istifadə edildiyini deyir. Məsələn, adi bir oğurluq işində vəkil, mülkiyyət hüququnun ədalətsizliyi haqqında siyasi bir çıxış etmir, bunun yerinə müvəkkilinin təqsirzliyini sübut edəcək dəlillər axtarır və ya cəzasını yüngülləşdirməyə çalışır. Beləliklə, o, sistemin qaydalarına “bağlı” qalaraq müvəkkili üçün ən yaxşı nəticəni əldə etməyi çalışır.

Bu mənada bizdəki siyasi işlərdə müdafiə tərəfində bir növ əmək bölgüsü olurdu. Təqsirləndirilənlər adətən “meydan oxuma” strategiyası ilə hərəkət etsələr də mənim izlədiyim heç bir işdə vəkillər bu strategiyadan istifadə etməyiblər. Siyasi işlərdə bir mənalı olaraq “meydan oxuma” işini təqsirləndirilənlər öz üzərinə götürür, vəkillər isə “yovuşdurma” strategiyası ilə hərəkət edirdilər.

Burdan elə çıxmasın ki, təqsirləndirlənlər rahatlıqla “meydan oxuma” strategiyasını tətbiq edə bilirdilər. Siyasi işlərdə adətən hakimlərin ən çox istifadə etdiyi sözlərdən biri “mahiyyəti üzrə danışın” olurdu. Hakim siyasi çıxışlar edən təqsirləndirlənlərin sözünü tez-tez kəsir və mahiyyəti üzrə danışmaqlarını tələb edərək siyasi çıxışların qarşısını alırdı. Hətta o vaxtlar şayiələr var idi ki, siyasi hakimiyyət nümayəndələri məhkəmə zallarını kameralardan izləyir. Ona görə də bəzən təqsirləndirilənlər üzlərini məhkəmə zalındakı kameralara tutur və siyasi rəqiblərinə mesajlar göndərirdilər. Məsələn, Bakı Apellyasiya Məhkəməsində 16.12.2011-ci il tarixdə keçirilən iclasda “2 aprel məhbusları” işinin təqsirləndirilənlərindən M.Məcidli üzünü məhkəmə zalındakı kameraya tutaraq deyirdi:

“Hörmətli məhkum hakim! Azərbaycan bu dəqiqə transmilli korporasiyalar tərəfindən işğal edilib… Apellyasiya məhkəməsi də artıq təslim olub. Əslində bizi izləyirlər, mən üzümü onlara tutmaq istəyirəm!”

Belə bir sürreal mənzərə…

Bütün bunlar bizim məhkəmə sistemini “kənar”dan izləyərkən müşahidə etdiklərim idi. Onu deyim ki, bizim məhkəmə sistemini “kənar”dan izləmək məndə həmişə kədərlə assosiasiya olunur. Kədər isə fikrimcə mahiyyət olaraq yuxarıdan aşağı bir baxışı ehtiva edir. Başqa sözlə, kədər təbiət etibari ilə iyerarxik bir duyğudur. İnsan kədərləndiyi hadisənin fövqünə yüksəlir, ona qarşı bir ucalıq mövqeyindən mərhəmət bəsləyir sanki.

Sistemi “içəri”dən izləmək isə insanı kədərləndirməkdən daha çox hiddətləndirir, çünki, eybəcərliyi öz dərində hiss edirsən. Bu baxımdan hiddətlənmək, iyerarxik yox, eqalitar bir hissdir. Misal olsun, ölkədə baş verənlərə russektor kədərlənir, azsektor hiddətlənir.

Nəysə, mövzuya qayıdaq… Onu deyirdim ki, sistemi “içəri”dən izləmək, yəni o məhkəmə prosesinin iştirakçısına çevrilmək sistemin başqa bir üzünü də görməyə kömək etdi. Sən demə, sistemin sistemik problemlərindən biri də sistem iştirakçılarının miqyası ərşə çıxmış total cəhalətiymiş… Bu mövzu barədə detallı yazmayacam. Girizgah yazısı üçün kifayət qədər uzatdığımın fərqindəyəm. Ona görə də bu barədə daha əvvəl yazdığım bir yazının keçidini verməklə kifayətlənim və girizgahı burda sonlandırım: https://tinyurl.com/ye2a59fm

Sərlövhədən də anlaşıldığı kimi ədalətli mühakimə hüququ ilə bağlı bizim sistemin “kənar”dan və “içəri”dən müşahidə etdiyim problemlərini bir neçə yazıda yazmaq istəyirəm. Bəlkə əli çatan, ünü yetən düzəltmək istəyər…

Necə deyərlər, sizin üçün sistemin problemləri… mənim üçün isə kədərin və hiddətin hekayəsidir bu yazdıqlarım…

Növbəti yazı:

60 yazıları (2): “Pardon” (Konstitusiya Məhkəməsinin əsas hüquq və azadlıqların pozulduğunu etiraf etdiyi, lakin heç nə olmamış kimi sadəcə üzrxahlıq edərək “yola verdiyi” qərarlar haqqında)

*Günter Yakobsun “düşmən cinayət hüququ” (“feindstrafrecht”) nəzəriyyəsi, cinayət hüququnda “vətəndaş cinayət hüququ” (“bürgerstrafrecht”) ilə “düşmən cinayət hüququ” anlayışlarını bir-birindən ayıran və olduqca mübahisəli bir konsepsiyadır. Bu nəzəriyyəyə görə, cəmiyyət üçün “düşmən” hesab edilən bəzi şəxslərə, onların ictimai asayiş və təhlükəsizlik üçün yaratdığı təhdidə görə, adi vətəndaşlardan fərqli, daha sərt hüquqi tədbirlər tətbiq olunmalıdır. Başqa sözlə, bu yanaşma cəmiyyət üçün təhlükəli sayılan şəxslərə qarşı standart hüquq normalarından kənara çıxmağı mümkün hesab edir.

** Kitab müəyyən etdiyim qədəri ilə ingilis dilinə tərcümə edilməyib. Türk dilində “Savunma Saldırıyor” adıyla “Metis”dən yayımlanıb: https://www.metiskitap.com/catalog/book/4779

Əvvəlki yazıPreviousBu zənglər kimin üçün çalır?