← Bütün yazılarAll posts

Bu zənglər kimin üçün çalır?

Cabir Əliyev 8 dəq oxu8 min read

Konstitusiya Məhkəməsinin çağırış qərarları…

Yəqin xatırlayarsınız, mətbuatda “Elina işi” olaraq məşhurlaşan məktəbli Elina Hacıyevanın intiharından sonra başlayan məhkəmə prosesi dövründə “bullinq” mövzusu uzun müddət gündəmimizdə qaldı, müxtəlif maarifləndirmə kampaniyaları təşkil olundu, sosial çarxlar çəkildi və s.

Həmin hadisədən sonra və ümumiyyətlə çoxsaylı yeniyetmə intiharları fonunda Prokurorluq CM m. 125-in (özünü ölüm həddinə çatdırma) ilə Konstitusiya Məhkəməsindən (KM) şərh istəmişdi. Həmin sorğuyla bağlı KM verdiyi qərarın “qətetdi” hissəsində qeyd etməsə də təsviri-əsaslandırıcı hissəsində çağırış etmiş, başqa sözlə, növbəti çağırış qərarını vermişdi. Həmin hissədə KM deyirdi:

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, yetkinlik yaşına çatmayanların şəxsiyyətinin xüsusiyyətləri (şüurun tam formalaşmaması və emosional qeyri-sabitlik) bu kateqoriyadan olan şəxslərə qarşı törədilən Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə nəzərdə tutulan əməlin ictimai təhlükəliliyini artıran hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, yetkinlik yaşına çatmayanlar arasında “bullinq” (zərərçəkmişin bir qrup şəxs tərəfindən təzyiq və aqressiv davranışın hədəfi olması) hallarının, həmçinin internet şəbəkəsində intihara təhrik, sövq edən oyunların, virtual “ölüm qruplarının” yayılması Cinayət Məcəlləsinin 125-ci maddəsinə yeni tərkibin əlavə edilməsi zərurətini yaradır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici tərəfindən yetkinlik yaşına çatmayanları özünü öldürməyə təhrik, sövq, təbliğ və ya köməklik etməyə görə daha ağır cinayət məsuliyyətinin müəyyən edilməsi məqsədəmüvafiqdir (ARKM, Qərar, 15/09/2022).

Ancaq 3 il keçməyinə baxmayaraq KM-nin mövqeyinə görə zəruri olan yeni tərkib Milli Məclis tərəfindən Cinayət Məcəlləsinə əlavə edilməyib.

Milli Məclisin bu etinasızlığının səbəbi görən nədir? KM ilə Milli Məclis arasında bir koordinayasızlıqmı var? Ümumiyyətlə Milli Məclisdə KM qərarlarını izləyən bir işçi qrup, yaxud bir struktur bölmə varmı? Bəlkə KM çağırış qərarlarını qətiyyətli yazmır, Milli Məclisin hərəkətə keçməyi üçün konkret müddət təyin etmir deyə Milli Məclis belə etinasız yanaşır bu qərarlara? Bəlkə Milli Məclis KM-nin bu tip çağırışlar etməyə səlahiyyəti olmadığını düşünür?

Ümumiyyətlə Alman Federal Konstitusiya Məhkəməsinin (AFKM) icadı olan çağırış qərarlarına ehtiyac 2-ci dünya müharibəsindən sonra 1945–1949-cu illərdə müttəfiq dövlətlərin qəbul etdiyi qanunvericilik aktlarının Bonn Konstitusiyasına uyğunluğu yoxlanılarkən yaranıb. Belə ki, xüsusi ilə bərabərlik hüququna zidd olan qanunları qüvvədən salmaq bəzən hüquq və azadlıqların daha çox məhdudlaşdırılması ilə nəticələnə bilirdi. Bu dilemma qarşısında AFKM qanunu qüvvədən salmadan parlamentə çağırış edərək müəyyən vaxt intervalında (konkret vaxt müəyyən edərək) qanundakı ayrı-seçkiliyi aradan qaldırması üçün çağırış edirdi. Bu qərar texnikası Konstitusiya zidd qanunu müəyyən etməklə yanaşı onun qüvvədən salınmasının yaradacağı daha ağır vəziyyətin qarşısını almaq üçün əla vasitə idi.

Bu qərar texnikasının mahiyyəti daha da aydın olsun deyə bizim Konstitusiya Məhkəməsi (KM) qərarlarından bir misal verim. Eyni dilemmaya bizim KM də 2010-cu ildə düşmüşdü (ARKM, Qərar, 01/12/2010). Ombudsman KM-yə abstrakt norma nəzarəti qaydasında müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsindəki beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların pensiya yaşının hər uşağa görə 1 il azaldılmaqla müəyyən edilməsi barədə müddəanın “övladlığa götürənlər”ə münasibətdə bərabərlik hüququn pozduğuna görə qüvvədən salınmasını istəyirdi. KM bu qərarında hər hansı bir qanun müddəasının tək başına bərabərlik prinsipinə zidd olmasını “qüvvədən salma” üçün kifayət etməyəcəyi qənaətinə gəlsə də, bu yanaşma, bir baxıma texniki məcburiyyət də hesab edilə bilərdi. Belə ki, mübahisələndirən müddəanın (pensiya güzəştləri) təsir dairəsinin “doğan qadınlar”la məhdudlaşdırılmasının “ögey analar”a münasibətdə ayrı-seçkilik yaratdığı iddiasını KM qəbul etsə də həmin müddəanı qüvvədən salması “doğan qadınlar”ı da güzəştlərdən məhrum edəcəkdi. Ona görə də KM, sözügedən müddəanın sosial təminat hüququnu (m. 38) pozmadığı qənaətinə gələrək müddəanı qüvvədən salmaqdan yayınmış və beləliklə də qüvvədən salmayla yaranacaq daha ağır nəticələrin qarşısını almış, lakin eyni zamanda ayrı-seçkilik müəyyən edərək bunun qarşısını almaq üçün də qanunvericiyə “çağırış” texnikasından istifadə etmişdi. Ancaq AFKM-dən fərqli olaraq bizim KM bütün çağırış qərarlarında olduğu kimi bu qərarında da konkret vaxt müəyyən etməmişdi:

Konstitusiyanın 25-ci maddəsinin II və III hissələrinin, 149-cu maddəsinin I və III hissələrinin tələblərinə müvafiq olaraq beş və daha çox uşağı övladlığa götürüb səkkiz yaşınadək böyüdən anaların, beş və daha çox uşağı səkkiz yaşınadək tərbiyə etmiş ögey anaların yaşa görə pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə; beş və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum qadınların yaşa görə pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 8.3-cü maddəsinə bu Qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla uyğunlaşdırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.

KM-nin bu çağırışına qanunverici tərəfindən cavab isə, nə az, nə çox- düz 12 il sonra gəldi və sözügedən qeyri-bərabərlik aradan qaldırıldı. Təsəvvür edin KM tərəfindən konstitusiya zidd hesab edilən müddəa 12 il hüquq sistemizdə qalmağa davam edib.

KM-nin açıq mətnlə bu dilemmanı səsləndirdiyi və uyğunsuzluğu müəyyən edərək qüvvədən salmadan çağırış qərarı verdiyi başqa bir qərar isə fərdi şikayət yolu ilə abstrakt norma nəzarəti həyata keçirdiyi “Palladium Defence and Security Solutions” MMC-nin şikayəti üzrə verdiyi qərardır (ARKM, Qərar, 16/09/2022). Bir haşiyə çıxaraq qeyd edim ki, KM bu qərarda “KM haqqında Qanun” qadağan etsə də bu qanunu by-pass edərək birbaşa Konstitusiya m. 130/V-i tətbiq etmiş və fərdi şikayət yolu ilə abstrakt norma nəzarəti həyata keçirmişdir.

Bu qərarda tender obyektiv səbəblərdən (iştirakçıların 3-dən az olması) baş tutmadığı hallarda da iştirak haqqının itirakçılara geri qaytarılmasını qadağan edən “Dövlət satınalmları haqqında” Qanunun 29.4-cü maddəsinin mülkiyyət hüququnu pozduğu iddia edilirdi. KM bununla razılaşsa da həmin maddəni qüvvədən salmadı. Səbəb isə o idi ki, həmin maddə qüvvədən düşdüyü halda bu səfər bütün hallarda iştirak haqqı geri qaytarılmalı olacaqdı. Buna görə KM uyğunsuzluğu müəyyən edərək qüvvədən salmadan çağırış qərarı verdi Amma yenə konkret vaxt müəyyən etməyərək:

“Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Dövlət satınalmaları haqqında” Qanunun 29.4-cü maddəsinin müddəalarının malgöndərənlərin (podratçıların) sayının üç iştirakçıdan az olması səbəbindən baş tutmamış tenderlərə şamil edilməsi Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinin tələbləri ilə uzlaşmamasına səbəb olur.

Lakin Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu normanın qüvvədən düşmüş hesab edilməsi ümumilikdə (sövdələşmə səbəbindən baş tutmayan və ya baş tutmuş) tenderlər üzrə toplanan iştirak haqları ilə bağlı məsələlərin tənzimetmədən kənar qalması, habelə iştirak haqlarının toplanılmasının xidmət etdiyi yuxarıda göstərilən əsas məqsədlərə nail olunmaması və dövlət satınalmalarının keçirilməsinin səmərəliliyinə ciddi zərər vurulması ilə nəticələnə bilər… Sadalanan konstitusiya normalarının tələblərindən irəli gələrək Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ümumi maraqlarla şəxsi maraqlar arasında tarazlığın təmin olunması məqsədilə, “Dövlət satınalmaları haqqında” Qanunun 11.1-ci maddəsində göstərilən halda tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların iştirak haqqının əvəzləşdirilməsi mexanizminin həmin Qanunda aydın və birmənalı şəkildə tənzimlənməsi Konstitusiyadan irəli gələn tələblərə cavab vermiş olardı.

Ancaq bu qərarda, necə deyərlər, KM parlamentə “güvənmədiyini” göstərdi və parlamentin ləng tərpənməsinin yaradacağı fəsadları aradan qaldırmaq üçün başqa bir qərar texnikasından istifadə etdi, — qanunvericilik dəyişənə qədər müvəqqəti konstitusiyaya uyğun şərh :

Məsələ qanunvericilik qaydasında həll edilənədək “Dövlət satınalmaları haqqında” Qanunun 11.1-ci maddəsində göstərilən əsasa görə baş tutmayan, lakin gələcəkdə keçirilən tenderlərdə iştirak haqqını ödəmiş və iddiaçı kimi qeydiyyatdan keçmiş iştirakçıların iştirak haqqının əvəzləşdirilməsi Azərbaycan Respublikasının vergi qanunvericiliyində təsbit olunmuş artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi qaydalarına uyğun olaraq həyata keçirilməlidir.

KM və Milli Məclis arasındakı koordinasiyasızlığı, yaxud Milli Məclisin KM qərarlarına etinasız yanaşdığını göstərən başqa bir “çağırış qərarı” isə Ali Məhkəmənin sorğusu əsasında KM-nin “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 109/IV maddəsini şərh etdiyi və həmin qanunun “Keçid müddəaları” 7-ci bəndinin konstitusiyaya uyğunluğunu yoxladığı qərardır (ARKM, Qərar, 29/04/2003). Bu qərar ona görə maraqlıdır ki, qərarda KM əvvəlki “çağırış qərarı”nı icra etməyən Milli Məclisə yenidən çağırış etmək məcburiyyətində qalır:

… qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi 2001-ci il 27 iyun tarixli qərarında Milli Məclisə tövsiyyə etmişdir ki, səlahiyyət müddəti qurtarmadan pensiya yaşına çatmış, lakin həmin müddətin qurtarmasını gözləmədən öz arzusu ilə pensiyaya çıxmaq istəyən, yaxud xəstəliyi, əlilliyi və sair üzürlü səbəbdən işi davam etdirə bilməyərək pensiyaya çıxan hakimlərə pensiyanın verilmə qaydalarını müəyyən etsin. Lakin bu tövsiyyə əsasında qanunvericiliyə heç bir dəyişikliklər edilməmişdir

Bu kontekstdə nisbətən yeni və çağırış qərarına məhəl qoyulmayan Konstitusiya Məhkəməsininikinci dəfə ultima ratio olaraq “qüvvədən düşmə” qərar verdiyi mirasdan qəbul üçün müddət nəzərdə tutan Mülki Məcəllənin 1246 və susmanı mirasdan imtina olaraq qiymətləndirən 1273–1 maddələrini qüvvədən saldığı qərarını da nümunə göstərmək olar (ARKM, Qərar, 26/12/2023). Bu qərar iki məqama görə çağırış qərarları baxımından əhəmiyyətlidir. Birincisi bu qərarda KM əvvəlki qərarındakı kimi sadəcə “yenidən çağırış” etməklə kifayətlənmir və əvvəlki qərarında çağırış etdiyi düzəlişlər qanunverici tərəfindən edilmədiyi üçün sözügedən Mülki Məcəllə müddəalarını artıq qüvvədən salma yolunu seçir:

Həmin Qərarda (qeyd: əvvəlki ARKM, Qərar, 14/10/2022 tarixli öz çağırış qərarını nəzərdə tutur) , Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273–1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur.

Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının həmin Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir.

Lakin qanunvericilikdə bununla bağlı hər hansı dəyişiklik həyata keçirilmədiyindən və sorğuda da qeyd olunduğu kimi, Mülki Məcəllədə mirasın həm qəbulu, həm də ondan imtina müddətinin nəzərdə tutulması, birincinin digərindən daha uzun olması hüquq tətbiqetmə təcrübəsində qeyri-müəyyənliyin və fərqli yanaşmaların yaranmasına və nəticədə şəxslərin vərəsəlik və mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.

…. Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273–1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir

Qərarın ikinci əhəmiyyətli tərəfi odur ki, KM yenidən çağırışda yenə dəqiq vaxt intervalı verməsə də bu dəfə əvvəlki qərarlarından fərqli olaraq “mümkün qədər qısa müddət”də qanunvericinin hərəkətə keçməsini tələb edir:

Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir.

Bu minvalda misalları artırmaq əlbəttə mümkündür. Problemin həlli isə iki formada mümkün görünür.

Hər şeydən əvvəl Milli Məclisdə KM qərarlarını izləyəcək struktur bölmə yaradıla bilər. Çünki orqanlar arasında koordinasıyasızlıq olduğu dəqiq görünür. Bir misal verim: Aşağıda Əmək Məcəlləsinin 247-ci maddəsinin fərqləndirdiyim hissəsi 2010-cu ildə KM-nin qərarıyla bərabərlik hüququnu pozduğuna görə qüvvədən düşüb:

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 247-ci maddəsinin 3-cü hissəsinin ikinci cümləsindəki “işəgötürənin razılığı ilə” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. (ARKM, Qərar, 21/06/2010 )

04 iyun 2025-ci il tarixli “e-qanun.az”-dan çıxarış

Amma Ədliyyə Nazirliyinin Hüquqi Aktların Vahid Elektron Bazasında hələ də həmin müddəa qalır və qüvvədən düşdüyünə dair heç bir qeyd yoxdur. Dolayısıyla Konstitusiyaya zidd olduğu üçün KM tərəfindən qüvvədən salınmış bir müddəa 15 ildir qanunvericilik bazasında qüvvədəymiş kimi görünür.

İkinci olaraq KM artıq çağırış qərarlarında daha qətiyyətli olub konkret zaman intervalı müəyyən edərək çağırış etməlidir. Bəlkə də ilk baxışdan bu yanaşma hakimiyyətlər bölgüsü baxımından problemli görünə bilər. Ancaq nəzərə alsaq ki, KM qərarları bütün respublika ərazisində məcburi qüvvəyə malikdir və ən əsası qərarların nəinki qətetdi, hətta təsviri-əsaslandırıcı hissələrinin də erga omnes təsiri var, o zaman çağırış qərarlarının sadəcə “obiter dictum” olmadığını, bir növ “tənzimləmə direktivi” olaraq başa düşülməli olduğunu iddia etmək yanlış olmayacaq.

Əvvəlki yazıPreviousAzərbaycan məhkəmələrində bir həyula dolaşır…