İslahatçı vədlərlə formalaşan yeni Məclisimiz fəaliyyətə başlayan kimi “Covid 19” adlı pandemiya ilə mübarizədə hökümətə dəstək verməli oldu. Bu kontekstdə Cinayət və İnzibati Xətalar Məcəllələri ilə yanaşı “İnformasiya, informasiya və informasiyanın mühafizəsi haqqına” Qanununa (bundan sonra İnternet Qanunu) dəyişiklik təklifləri müzakirə edilərək qəbul olundu. Sonuncuya əsas olaraq iki dəyişiklik edildi. Birincisi, İnternetdə yayılması qadağan edilən informasiyalara yeni bir informasiya növü əlavə edildi. Belə ki, əvvəllər intihara sövq, zorakılığın təbliği, pornoqrafik görüntülər və s. (tam siyahı üçün Qanunun 13-cü maddəsinə bax) tipli informasiyaların yayılması qadağan idisə, indi bu siyahıya insanların həyat və sağlamlığına və ictimai təhlükəsizliyin kütləvi pozulmasına səbəb olan yalan məlumatlar da əlavə olundu. İkincisi isə yeni dəyişikliklə artıq bu tip qadağan edilmiş məlumatları yayanların şəxsən məsuliyyət daşıyacağı qərarlaşdırıldı. Dəyişiklikdən əvvəl Qanun məhz bu tip qanunların mahiyyətinə və məqsədinə uyğun olaraq qadağan olunmuş məlumatların yayılmasına görə vasitəçilərin (“intermediaries”) yəni, hostinq, domen və internet informasiya ehtiyatı sahibinin ( bura daxildi web 1.0, web 2.0, web 3.0 ) məsuliyyətini nizamlayırdı.
Əslində dəyişiklik təklifinin özü və ona etirazlar niyyətləri bir tərəfə qoysaq mahiyyət etibarı ilə eyni keyfiyyətdədir. Belə ki, həm dəyişikliyi təklif edənlər qanunvericilik baxımından sıfır təsirli işlə məşğul olur, həm də “sosial şəbəkələr də qanunun təsir dairəsinə düşdü , ifadə azadlığımız məhdudlaşdırıldı” və s. tipli etirazlar da yersiz həyəcan yaradır. Belə görünür nə dəyişiklikləri irəli sürənlər internet subyektlerinin requlasiyalarının mahiyyətinə varıb, nə də buna etiraz edənlər… Başqa sözlə, müzakirənin konteksti tamamilə yanlışdır… yaxud obrazlı desək, yanlış müzakirə zəminində tərəflər beyhudə enerji sərf edir. Bu baxımdan, aşağıdaki qeydlər doğru konteksti göstərmək cəhdidir, bu gözlə oxunsun, lütfən…
Ümumiyyətlə 90-cı illərdə İnternetin özəl sektorun istifadəsinə verilməsindən sonra İnternetin hüquqi nizamlanması ilə bağlı miflər yaranmışdı. Sonralar ədəbiyyatda exceptionalist adlandırılan bir sıra İnternet nəzəriyyəçiləri İnternetin nizamlanmasının mümkün olmadığını iddia edirdilər. Məsələn təəssürat yaratması baxımından məşhur exceptionalist mətnlərdən John Perry Barlowun ABŞ-da 1996 tarixli Kommunikasiya Əxlaq Qanununa ( “Communication Decency Act”) etiraz olaraq yazdığı Kiber Məkanın Müstəqillik Bəyannaməsindən bəzi çıxarışları baxaq:
Siz ey ətdən və poladdan sənayə dünyasının yorğun divləri… Mən İdrakın yeni ünvanı Kiberməkandan gəlirəm. Bizim yığışdığımız yerdə sizin suverenliyiniz işləmir.
Bizi idarə etmək üçün nə mənəvi haqqınız, nə də zor tətbqietmə vasitələriniz var.
İdarəedənlər güclərinin legitimliyini idarəedilənlərin razılığına borcludur. Nə bu razılıq sizə verildi, nə də özünüzün almağı üçün xahiş edildi. Biz sizi dəvət etməmişik. Nə bizi, nə də bizim dünyamızı bilirsiniz. Sizin sərhədləriniz daxilində deyil Siberməkan... O təbiətin bir məhsuldur və bizim kollektiv fəaliyyətimiz sayəsində inkişaf edəcəkdir.
Amma çox keçmədən hamı başa düşdü ki, milli-dövlətlər İnterneti nizamlamaq baxımından exceptionalistlərin düşündüyü kimi əli-qolu bağlı deyil. Çünki maşın sürmək üçün öz avtomobilimizi düzəldə bilmədiyimiz və avtomobil istehsalçısına ehtiyacımız olduğu kimi İnternetdən istifadə etmək üçün də bizə vasitəçilər lazımdır. İnternetə qoşulmaq üçün lokal provayderlərə, web sayt sahibi olmaq üçün hostinq və domen servisinə, online alış-veriş etmək üçün mastercard, visa kimi maliyyə vasitəçilərinə, sosial network üçün Facebook, Twitter kimi platformalara ehtiyacımız var. Bu baxımdan milli-dövlətlərin tək-tək internet istifadəçilərini izləməyinə ehtiyac yoxdur. Dövlətlər vasitəçilərə nəzarət edərək dolayı yolla bizim davranışlarımıza da nəzarət edə bilər. Məsələn məşhur hektivist Julian Assange ABŞ-a aid dövlət sirrlərini yayarkən platforması Wikileaks üçün ianə kampaniyası keçirirdi. ABŞ höküməti online ianələrin qarşısını almaq üçün ianə edən hər kəsin bir-bir qapısını döyüb terrorçuluğu dəstəklədiyi üçün cinayət məsuliyyətinə cəlb etmədi. Visa, MasterCard, Paypal kimi adı- adresi bəlli şirkətlərin məsuliyyətini gündəmə gətirərək həmin vasitəçilərin Wikileaksa pul göndərişini bloklamasını təmin etdi.
Məhz bizdəki İnternet Qanununun məqsədi də digər ölkələrdəki bənzərləri kimi vasitəçilərin məsuliyyət rejimin nizamlamaqdır. Bu tip qanunların ayrı-ayrı internet istifadəçilərinin, yaxud da el dili ilə desək, sosial şəbəkə istifadəçilərinin davranışlarını nizamlaması qanunda inert müddəaların sayını artırmaqdan başqa bir işə yaramaz. Çünki, ayrı-ayrı istifadəçilərin davranışları üçün Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi var. Başqa sözlə, “Azadlıq” meydanında 5–10 nəfər yığıb partlayıcı maddə hazırlamaq üsulları haqqında məlumat verməklə bunu Facebook profilində, yaxud Youtube kanalında etmək arasında (əgər şəxsin kimiliyi müəyyən edilib məsuliyyətə cəlb edilə bilirsə) hüquq baxımından heç bir fərq yoxdur. Hüquq ona görə vasitəçilərin məsuliyyətinə ehtiyac duyur ki, Facebook və Youtube-da partlayıcı maddə hazırlamaq üsulları haqqında məlumat verənin kimliyini anonim saxlamaq imkanı var, yaxud da bu akt kütləvi hal alaraq cinayət təqibini faktiki olaraq mümkünsüz edə bilər. Dövlət əgər internet informasiya ehtiyatı vasitəsi ilə cinayət törədənin kimliyini müəyyən edib məsuliyyətə cəlb edə bilirsə bu İnternet Qanununda yazılmasa da bunu edə bilər. Ona görə də bu müddəanı Qanuna əlavə edən qanunverici də mövzudan xəbərsizdir, buna etiraz edib ifadə azadlığımız məhdudlaşdırılır deyənlər də…
Eyni mövzuda sonrakı müzakirələrə balaca da olsa töhfə verər ümidiylə bir məsələni qeyd etməyin də faydalı olacağı qənaətindəyəm. Ümumiyyətlə bir ölkədə köhnə üsullarla təqibə məruz qalmaq “İnternetdə azadlıq” problemi sayılmır. Məsələn, Facebookda hansısa vəzifəli şəxsi tənqid etdiyiniz üçün sizi saxta ittihamlara cinayət məsuliyyətinə cəlb edirlərsə burda təqib vasitəsi cinayət qanunvericiliyi olduğu üçün məhz İnternetlə dəyişən bir şey yoxdur. Başqa sözlə, siz eyni tənqidi qapı-qapı broşura paylayaraq, yaxud da hansısa mitinq meydanında da etsəydiniz eyni aqibət sizi gözləyəcəkdi. İfadə vasitəsi dəyişsə də təqib metodu eynidir. Müəyyən bir ölkədə İnternetdə ifadə azadlığını ölçmək üçün vacib indikatorlardan biri məhz yuxarıda müzakirə etdiyimiz vasitəçilərin məsuliyyət rejimidir. 3-cü şəxslərin ifadələrinə görə vasitəçilər necə məsuliyyət daşıyır? Məsələn Çində 2010-cu ildə qabul olunan Delikt Məsuliyyəti haqqında Qanuna görə əgər 3-cü şəxslər qadağan edilmiş aktları İnternet vasitəçilərinin verdikləri servis vasitəsilə həyata keçiriblərsə vasitəçilər buna görə aktı törədənlə eyni məsuliyyəti daşıyır. Burada önəmli nüans odur ki, vasitəçinin məsuliyyəti yalnız qanunsuz aktı bilməsi ( “actual knowledge”) hallari ilə məhdudlaşmır, vasitəçi həm də bilməli olduğu (“should have known”) hallara görə də məsuliyyət daşıyır. (m. 36/3) Bu o deməkdir, vasitəçi verdiyi servisdə 3-cü şəxslərin davranışlarını daimi nəzarətdə saxlamalıdır ki, onların davranışan görə məsuliyyət daşımasın. Bu rejim ədəbiyyatda gücləndirilmiş məsuliyyət (“strict liability”) və ifadə azadlığı baxımından ən təhlükəli məsuliyyət rejimi hesab edilir. Bu rejimin əks qütbünə isə geniş toxunulmazlıq (“broad immunity”) rejimi var. Məsələn ABŞ-da 1996 tarixli Kommunikasiya Əxlaq Qanununa görə müəllif hüquqları pozuntuları istisna olmaqla 3-cü şəxslərin qanunazidd davranışlarına görə vasitəcilər heç bir məsuliyyət daşımırlar (Bölmə 230). Bu da təbii ki, ifadə azadlığı baxımından ən əlverişli məsuliyyət rejimi hesab edilir.
Vasitəçilərin məsuliyyət rejimi baxımından bizim İnternet Qanununa baxsaq, yuxarıda qeyd etdiyimiz hər iki rejimdən də fərqli bir rejimin qəbul edildiyini görürük. Bizdəki rejim daha çox Avropa Birliyinin E-Kommersiya Direktivində nizamlanan təhlükəsiz liman (“safe harbour”) modelinə uyğun gəlir. Bu model ABŞ-da müəllif hüquqları pozuntularına da (“Digital Millennium Copyright Act”, 512) tətbiq edilir. Modelin ayırdedici xüsusiyyəti odur ki, burada xəbərdarlıq et və çıxar (“notice and takedown”) prosedurundan istifadə edilir. Buna görə qanunazidd davranış haqqında əvvəlcə vasitəçiyə xəbərdarlıq edilir, bu xəbərdarlığa baxmayaraq vasitəçi bir tədbir görmürsə məhz bundan sonra onun məsuliyyəti yaranır. Bizim İnternet Qanunun 13.3.2 maddəsinə əsasən bloklamadan əvvəl qadağan edilən informasiyanın götürülməsi üçün internet informasiya ehtiyatının sahibinə müraciət edilməlidir. Ancaq bu qanunun indiyəqədərki praktikası onu göstərir ki, qanunu tətbiq edən həm icra orqanı, həm də məhkəmələr təhlükəsiz liman modelinə uyğun davranmır, xəbərdarlıq etmədən internet informasiya resurslarına girişi bloklayırlar. Uzun sözün qısası, İnternet Qanunu ilə bağlı hər hansı bir düzəliş və dəyişikliyi ifadə azadlığı baxımından analiz etmək istəyiriksə ilk diqqət edilməli və qiymətləndirilməli məqam bu dəyişikliyin məhz vasitəçilərin məsuliyyət rejiminə təsir dairəsi olmalıdır.
