Qanunverici orqanın Konstitusiyaya zidd hərəkətsizliyi
yaxud yüzlüyə xırdası olmayan satıcını xırda üçün yan dükana göndərmək…

REAL-ın Xarici Əlaqələr Katibi hörmətli Erkin Qədirlinin mənsubu olduğu partiyanın qanunvericilik təşəbbüsü ilə bağlı qeydlərinə rast gəldim. Erkin bəy qanunvericilik təşəbbüsünü nizamlayan Konstituyamızın 96-cı maddəsinin tətbiqi ilə bağlı qanunun olmamasının qanunvericilik təşəbbüsünə dair müddəanı təsirsiz normaya çevirdiyini və bunun həllinin pozitiv hüquqda mümkünsüzlüyünü əsas gətirərək pozitiv hüquq nəzəriyyəsinin bu barədə “çarəsiz” olduğunu qeyd edir. Bu fikrini hüquqşunas olmayanlara izah etmək üçün isə maraqlı bir anologiyadan istifadə edir. Belə ki, Erkin bəyə görə 10 ildir 96-cı maddənin tətbiqi ilə bağlı qanun çıxarmayan qanunverici orqan 100 manatlıq əsginasa xırdası olmayan satıcıya bənzəyir. Erkin bəyin zahirən dilemma kimi görünən bu situasiyanı həlli yolu isə həmin satıcı ilə sövdələşməni dayandırıb pulu başqa yerdə (pozitiv hüquq nəzəriyyəsinin hüdudlarından kənarda) xırdalamaqdır. Zənnimcə bu situasiyada pozitiv hüquq nəzəriyyəsinin ”çarəsiz”liyini elan etmək tələsik qənaətdir. Çünki pozitiv hüquq nəzəriyyəsindəki normanın təsirliliyi anlayışı və konstitusiya hüququnun ümumi nəzəriyyəsi bizə bu barədə pozitiv hüquq nəzəriyyəsinin “çarəsiz” olmadığını demək üçün kifayət qədər əsas verir.
Normanın təsirliliyi məsələsi
Konstitusiya hüququnun ümumi nəzəriyyəsində sözsüz ki, normanın təsirliliyi problemi vacib məsələdir. Lakin bu vaciblik ikinci dərəcəlidir… Belə ki, pozitivist nəzəriyyədə hüquq normasının qüvvəsi formalistdir. Yəni, norma formal olaraq bir hüquq nizamına aiddirsə artıq sözügeden normanın hüquqi qüvvəsinin olduğunu deyə bilərik. Dolayısıyla, 1995-ci il Konstitusiyasının 96/II maddəsi eyni Konstitusiyanın əlavə və dəyişikliklərə dair müddəalarına müvafiq olaraq mətnə əlavə edilibsə artıq pozitiv hüquq baxımından aidiyyət şərti yerinə yetirilmiş sayılır.
Hüquq normasının təsirliliyi isə normanın qüvvəsi üçün əlavə meyardır. Normativist pozitivizmin fikir müəllifi Hans Kelsen bunu mayalanmaya bənzədirdi. Necə ki həyat üçün mayalanmaq şərt olsa da, yaşamaq üçün başqa şərtlərə də ehtiyac var, eləcə də hüquq normasının varlığı üçün aidiyyət şərt olsa da təsirlilik də varlıq üçün əlavə şərtdir. Lakin təsirlilik deyəndə Kelsenin nəzərdə tutduğu minimum təsirlilik idi. Başqa sözlə, bir hüquq normasına riayyət edilməməsi avtomatik olaraq həmin normanın pozitivist varlığını sual altına qoymur. Əgər bir normaya davranışı həmin normayla nizamlanan subyekt tərəfindən riayyət edilirsə, yaxud da riayyət edilmədiyi hallarda davranış rəsmi orqanlar (məhkəmə və s.) tərəfindən sanksiyalaşdırılırsa o zaman normanın minimum təsirliliyindən bəhs etmək olar. Başqa sözlə, bir normanın əmri uzun müddət əmrin ünvanlandığı subyekt tərəfindən yerinə yetirilmirsə bu normanın təsirsiz olduğu anlamına gəlmir. Necə ki, dələduzluğu qadağan edən və sanksiyalaşdıran Cinayət Məcəlləsinin 178-ci maddəsinə riayyət edilmədiyi (dələduzluq edildiyi) hallarda biz bu maddənin təsirsiz olduğunu iddia edə bilmərik, eləcə də Konstitusiyanın 96/VI maddəsinə ( Konstitusiyanın 40 min seçicinin qanunvericilik təşəbbüsü ilə bağlı qanun çıxarılması barədə parlamentə göstərişi) parlament tərəfindən riayyət edilmədiyini əsas götürərək həmin Konstitusiyanın sözügedən maddəsinin təsirsiz olduğunu iddia edə bilmərik.
Satıcını xırda pul üçün yan dükana göndərmək
Bəs qanunverici orqanın Konstitusiyaya riayyət etməməsi halının hüquq sistemimizdə aydın şəkildə sanskiyalaşdırılmaması, yaxud da belə bir ehtimalın ümumiyyətlə nizamlanmaması bu kontekstdə pozitiv hüquq nəzəriyyəsinin “çarəsiz” olduğuna dəlalət edə bilərmi? Əslində konstitusiya hüququnun ümumi nəzəriyyəsi tam olaraq bu məqamda köməyimizə çatır. Hüquqşunas olmayanlar üçün bir haşiyə çıxaraq qeyd edim ki, konstitusiya hüququnun ümumi nəzəriyyəsi dedikdə müxtəlif ölkələrin konstitusiyalarını araşdıraraq müştərək xüsusiyyətlərini sistemləşdirməklə məşğul olan hüququn elm sahəsi başa düşülür. Misal olsun, konstitusiya nəzarəti ilə bağlı Almaniya, Portuqaliya, İtaliya konstitusiyalarının ortaq müddəalarını sistemləşdirdiyimiz təqdirdə konstitusiya nəzarətinin ümumi nəzəriyyəsi ilə məşğul olmuş oluruq. Bu baxımdan tədqiqat obyektimiz qüvvədə olan hüquq olduğu üçün bu cür fəaliyyət pozitiv hüquq nəzəriyyəsi hüdudları daxilində fəaliyyət hesab edilir.
Yuxarıda qeyd etdiyim və bizim Konstitusiyamızda aydın şəkildə nizamlanmayan parlamentin Konstitusiyamızın “qanunla nizamla” göstərişinə riayyət etməməsi halı isə konstitusiya hüququnun ümumi nəzəriyyəsində qanunverici orqanın hərəkətsizliyi (par omission) olaraq adlandırılır və konstitusiya məhkəmələrinin nəzarətinə tabedir. Misal olsun, Portuqaliya Konstitusiyasının 283-cü maddəsi ilə Portuqaliya Konstitusiya Məhkəməsinə qanunverici orqanın Konstitusiyaya zidd hərəkətsizliyini təftiş etmək səlahiyyəti verilmişdir. Federal Almaniya Konstitusiya Məhkəməsinin də buna bənzər səlahiyyətləri var. Dolayısıyla, pozitiv hüquq nəzəriyyəsi bizim parlamentin 96/VI kontekstində hərəkətsizliyinin mübahisələndiriləcəyi yolu və yeri açıq-aydın göstərmişdir demək yanlış olmayacaq. Bu baxımdan, problemi həll etmək üçün pozitiv hüququn sərhədlərindən kənara çıxmaq şərt deyil. Pozitiv hüququn metodologiyası qanunverici orqanın hərəkətsizliyini sorğu və ya şikayət yoluyla Konstitusiya Məhkəməsində mübahisələndirməyi diktə edir. Başqa sözlə, yüzlüyü başqa yerdə xırdalamağa ehtiyac yoxdur, satıcını yan dükana göndərmək lazımdır!