← Bütün yazılarAll posts

Bir qərarın fotoromanı: Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin “budanması”na xaotik reaksiyası

Cabir Əliyev 8 dəq oxu8 min read

“E.Salmanlının şikayəti üzrə MM m. 225.2 və Ailə Məcəlləsi m. 34.1-in Konstitusiya m.29/ I, III-ə uyğunluğunun yoxlanılması”.

2023-cü ilin sonuncu qərarı… Qərarın sərlövhəsi belə bildiyimiz fərdi şikayət qərarlarından fərqlidir. Çünki, Konstitusiya Məhkəməsi (KM) fərdi şikayət yoluyla konstitusiya nəzarəti sahəsində qanunla səlahiyyətləri məhdudlaşdırılandan sonra fərdi şikayət işlərinə necə baxacağına ilk dəfə bu qərarda münasibət bildirib. Başqa sözlə, bu qərar KM -nin səlahiyyətlərinin “budanması”na verdiyi ilk reaksiya, fərdi şikayət yoluyla abstrakt norma nəzarəti həyata keçirdiyi ilk* qərardır.

Qərar iki baxımdan əhəmiyyətlidir. Dolayısıyla qərarı iki istiqamətdə analiz etmək mümkündür: (1) Birincisi bu qərar ona görə əhəmiyyətlidir ki, KM 1998-ci ildən bu tərəfə ilk dəfə bu qərarda açıq mətnlə sadəcə tekstin yox, həm də kontekstin konstitusiyaya zidd ola biləcəyini və ziddiyyəti də konstitusiya nəzarəti qaydasında təftiş etməyə səlahiyyəti olduğunu vurğulayıb. Həmçinin Konstitiya Məhkəməsi haqqında Qanunla (KM haqqında Qanun) fərdi şikayət üçün əsasların dairəsi məhdudlaşdırılandan sonra KM bu qərarla məhdudlaşdırmanı necə “bypass” edəcəyinin siqnallarını verib. (2) İkincisi isə bu qərar həm də KM-nin belə “aktivizm”inin hüquq dövləti baxımından necə problemli nəticələrinin ola biləcəyi baxımından da qiymətləndirilməyə dəyər bir qərardır.

1. Konstitusiya zidd boşluq, konstitusiyaya zidd təfsir, konstitusiya zidd natamamlıq

23 iyul 2023-ci ildə KM haqqında Qanunun 34.2-ci maddəsinə bir dəyişiklik edildi. Əvvəlki redaksiyaya görə KM Ali Məhkəmənin qərarlarını fərdi şikayət yoluyla 1) tətbiq edilməli olan normativ hüquqi akt tətbiq edilmədikdə 2) tətbiq edilməli olmayan normativ hüquqi akt tətbiq edildikdə, 3) normativ hüquqi akt düzgün şərh edilmədikdə yoxlaya bilirdi.

Normal olan da buydu. Çünki, fərdi şikayət institutunun təbiəti budur. Bu yolda məqsəd hüquq və azadlıqları pozan məhkəmə aktlarının KM tərəfindən ləğv edilməsinə imkan yaratmaqdır. Hüquq və azadlıqların instansiya məhkəmələri tərəfindən pozuntusu isə sadaladığımız bu üç halla əhatə olunurdu.

Düzdür, KM bu redaksiya qüvvədə olduğu dövrdə də fərdi şikayətin konstitusion mahiyyətinə zidd filterlər tətbiq edirdi. Məsələn, KM yalnız Ali Məhkəmənin əlavə kassasiya qərarlarından şikayəti qəbul edirdi. AİHM elə buna görə də bizdəki KM-yə fərdi şikayət üsulunu effektiv daxili çarə hesab etmirdi. Sonralar KM bu “praktika”sından vaz keçdi. Ancaq bu dəfə də başladı Ali Məhkəmənin yalnız təsdiq qərarlarından şikayət qəbul etməyə… Yəni Ali Məhkəmə apellyasiya instansiyasının qərarını ləğv edirdisə həmin qərardan fərdi şikayət qəbul etmirdi. Başqa sözlə, yalnız apellyasiya instansiyasının qətnamələrini təsdiq edən Ali Məhkəmə qərarlarından fərdi şikayət vermək olurdu.

KM-nin bu praktikası da konstitusiya zidd idi. Çünki Konstitusiya hüquq və azadlıqları pozan bütün növ məhkəmə qərarlarından şikayət verməyə təminat verir və Ali Məhkəmənin apellyasiya qərarlarını ləğv etdiyi bütün qərarları heç də pozulmuş hüquq və azadlıqları bərpa edilməsi ilə nəticələnmirdi. Çünki, eyni işlə bağlı Ali Məhkəmə və apellyasiya instansiyası arasında “karusel” başlayır və Ali Məhkəmədən 3–4 fərqli qərar çıxırdı.

KM-nin bu konstitusiyaya zidd filterlərinə baxmayaraq yenə də Azərbaycan hüquq sistemində fərdi şikayət institutu yoxdur demək mümkün deyildi.

Ancaq KM haqqında Qanun m. 34.2-dən sonra Azərabycanda fərdi şikayət, başqa adıyla, konstitusiya şikayəti institutu mövcuddur demək artıq o qədər də asan deyil. Çünki, yeni dəyişikliklə yuxarıda qeyd etdiyimiz 3 meyar Qanundan çıxarıldı və onun yerinə fərdi şikayətin qəbuledilənlik şərti olaraq “Ali Məhkəmə qərarının Konstitusiyaya və ya qanunlara uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol verilir” müddəası müəyyən edildi. Beləliklə də Konstitusiya ilə verilmiş fərdi şikayət hüququ (Kons. m.130/V) qanunla geri alındı. Başqa sözlə, qanunla faktiki olaraq Konstitusiyanın 130/V maddəsi qüvvədən salındı. Çünki, KM haqqında Qanun m. 34.2 maddəsi ilə fərdi şikayət artıq konstitusiya nəzarəti vasitəsi deyil.

Mofikasiya edilmiş fərdi şikayət, fərdi şikayətdən daha çox su generis konkret norma nəzarətinə bənzəyir.

Konkret norma nəzarəti 2004-cü ilə qədər bizim hüquqda da var idi. Konkret norma nəzarətinə görə instansiya məhkəmələri icraatındakı işlərə tətbiq etməli olduqları normanın Konstitusiyaya zidd olduğunu düşünürdülərsə icraatı dayandıraraq Ali Məhkəmə vasitəsi ilə həmin normanın yoxlanılmasını KM-dən istəyə bilirdilər (2004-cü ildən əvvəlki MPM m. 352, CPM m. 455). İndi KM haqqında Qanun m. 34.2-nin yeni redaksiyası deməyə əsas verir ki, burda nəzərdə tutulan fərdi şikayət yox, artıq konkret norma nəzarətidir. Sadəcə olaraq burdakı konkret norma nəzarəti klassik konkret norma nəzarətindən fərqli olaraq ex post konkret norma nəzarəti adlandırıla bilər. Çünki, m. 34.2-yə görə KM instansiya məhkəməsinin artıq tətbiq etmiş olduğu normanın konstitusiyaya zidd olub olmadığını yoxlayır. Qısa deyə bilərik ki, m. 34.2-nin redaksiyası hər nədirsə dəqiq fərdi şikayət deyil!

KM-nin isə bu dəyişikliyə normal reaksiyası o bilərdi ki, hər hansı fərdi şikayət zamanı KM haqqındakı Qanuna edilmiş dəyişikliyin Konstitusiyaya zidd olduğunu müəyyən edərdi və qüvvədən salardı. Çünki, həqiqətən də sözügedən dəyişiklik Konstitusiya ilə əldə edilmiş bir hüququn qanunla aradan qaldırılması deməkdir.

Başqa bir yol isə bu dəyişikliyə baxmayaraq, KM-nin Konstitusiya m.130/V-u birbaşa tətbiq edib əvvəlki qaydada hüquq və azadlıqları pozan məhkəmə aktlarının konstitusiyaya uyğunluğunu yoxlamağa davam etməyi ola bilərdi.

KM isə tamamilə başqa bir yol seçdi. Bu yol isə bir az sonra izah edəcəyimiz kimi KM-yə istədiyi şikayəti qəbul edib etməməkdə ixtiyari səlahiyyət verməkdədir. Beləliklə, KM-yə şikayətdə “qəbuledilənlik” yoxlaması tamamilə qeyri-şəffaf bir prosesə çevrilmiş, obyektivlikdən uzaqlaşmış, necə deyərlər, KM-nin “kef”indən asılı vəziyyətə salınmışdır.

KM haqqında Qanun dəyişəndən, yəni KM-nin səlahiyyətləri budanandan sonra necə davranacağının siqnallarını hələ “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayəti”nə dair qərarında (ARKM, Qərar, 06/10/2023 ) vermişdi. İlk dəfə bu qərarda KM qanun boşluğunun konstitusiyaya zidd ola biləcəyini və bu ziddiyyətin də konstitusiya nəzarətinin predmeti olduğunu müəyyən etmişdi.

Nəzərə alınmalıdır ki, qanunvericilikdə boşluq müvafiq normanın mövcud olmamasını nəzərdə tutmaqla son nəticədə Əsas Qanunda təsbit edilmiş müvafiq insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün məhdudiyyət yarada bilər. Bu boşluq mahiyyətcə qeyri-konstitusion norma ilə eyni hüquqi nəticəyə malikdir və onun aradan qaldırılması ümumi qaydada qanunvericinin funksiyasına (səlahiyyətinə) aid olsa da, həmçinin konstitusiya məhkəmə icraatı vasitəsi ilə aradan qaldırıla bilər.

Məhkəmə bu qərarda necə davranacağının himini qoyduqdan sonra qanun dəyişikliyindən sonrakı ilk fərdi şikayət qərarında bu mövqeyini bir az daha şaxələndirmiş, qanunla səlahiyyətləri məhdudlaşdırılmasına baxmayaraq yenə də Ali Məhkəmənin qərarlarını yoxlamağa iddialı olduğunu göstərmişdir. Tapdığı yol isə belə olmuşdur: Yeni dəyişikliklə KM Ali Məhkəmənin yalnız konstitusiaya uyğun olmayan qanuna istinad edilərək çıxardığı qərarlara nəzarət edir. Xub! Ancaq qanunun teksti yox, bəzən onun konteksti da konstitusiyaya zidd ola bilər. Yəni Ali Məhkəmə konstitusiyaya uyğun qanuna istinad edərək qərar verə bilər, amma bu qanunu bəzən elə təfsir edər ki, məhz həmin təfsiri Konstitusiyaya zidd olar və KM də həmin qərarı yoxlayaraq yeni dəyişikliklə müəyyən olunan “konstitusiyaya zidd Ali Məhkəmə qərarını yoxlamaq” şərtini yerinə yetirmiş olar.

“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.2-ci maddəsinə müvafiq olaraq, Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair şikayətə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində şikayət edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol verilir. Qeyd edilməlidir ki, şikayətlərə baxılması ilə əlaqədar kassasiya instansiyası məhkəməsinin əsaslandığı normativ hüquqi aktın və ya onun hər hansı normasının Konstitusiyaya uyğun olub-olmamasını aydınlaşdırmaq üçün, ilk növbədə, həmin normanın konstitusiya-hüquqi təyinatı, qanunvericilik sistemindəki yeri və digər normalarla qarşılıqlı əlaqədə yerinə yetirdiyi funksiya araşdırılaraq müəyyən edilməlidir. Bu, normanın konstitusiya-hüquqi mahiyyətinin müəyyən olunmasına, məzmunundakı mümkün ola biləcək qeyri-müəyyənliklərin, o cümlədən boşluqların aşkara çıxarılması və aradan qaldırılmasına, bununla da tətbiqi təcrübəsindəki ziddiyyətlərə son qoyulmasına və hüquq tətbiqetmədə vahidliyin təmin edilməsinə xidmət etməklə, həmin normanın Konstitusiyaya zidd tətbiqinin də qarşısını alır.

Deməli, bu KM-nin ikinci həmləsi idi. Birinci həmlə qanunvericilikdə boşluğun Konstitusiyaya zidd olduğunu və bunu yoxlayacağını deməsi idisə, ikinci həmlə təfsirin də Konstitusiyaya zidd ola biləcəyini təsbit etməsi idi. Nəhayət KM bu kontekstdə üçüncü bir həmlə edərək bu səfər də natamam qanun müddəasının da konstitusiyaya zidd ola biləcəyini iddia etməyə başladı.

Qeyd edilməlidir ki, hər hansı normanın hüquqi cəhətdən tənzimlənməsi zəruri olan ictimai münasibətləri bütövlükdə əhatə etməməsi, təcrübədə yaranan müəyyən hüquqi məsələlərin həllində müvafiq qaydanın yetərsiz qaldığı hallarda da qanun boşluğu yaranmış olur… Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması ər-arvadın əmlakının ümumiliyi prezumpsiyası baxımından Konstitusiyanın 29-cu maddəsinin I və III hissələrinə uyğun olmayan hesab edilməlidir…

2. Səlahiyyətlər bölgüsü prinsipinin pozulması, qəbuledilənlik meyarlarının ixtiyariləşməsi

KM-nin səlahiyyətləri məhdudlaşandan sonra bu məhdudiyyətləri “bypass” etmək üçün hansı manevrləri etdiyini izah etdikdən sonra bu manevrlərin hansı fəsadları ola biləcəyini qiymətləndirməyə keçmək olar.

Hər şeydən əvvəl bu qərarda KM-nin konstitusiya zidd boşluq (qanunvericinin hərəkətsizliyi) ilə konstitusiyaya zidd natamamlıq arasında fərq qoymadığını görürürük. Halbuki bunlar fərqli anlayışlardır. Konstitusiya zidd boşluq Konstitusiyanın açıq göstərişinə baxmayaraq qanunvericinin hərəkətsiz qalaraq həmin sahəni tənzimləməməsidir. Bunun bizim hüquq baxımından tipik nümunəsi Konstitusiyanın 76/II maddəsidir. Həmin maddəyə görə vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. Konstitusiyanın bu göstərişinə baxmayaraq 1995-ci ildən bu tərəfə qanunverici hərəkətsiz qalaraq alternativ hərbi xidmət barədə qanun qəbul etməmişdir. Bu, konstitusiyaya zidd boşluqdur.

Konstitusiya zidd natamamlıqda isə qanunverici bir münasibəti tənzimləməsinə baxmayaraq onu tam tənzimləmədiyi və bu natamamlığın konstitusiyaya zidd vəziyyət yaratdığı iddia edilir. Məsələn sözügedən qərarda KM iddia edir ki, bağışlama müqaviləsini qanunverici tənzimləməsinə baxmayaraq natamam tənzimləyib. Belə ki, qanunverici bağışlama müqaviləsninin şifahi şəkildə bağlanmasını tənzimləyib. Ancaq bu natamam tənzimləmədir. Gərək qanunverici yaxın qohumlar arasında bağlanan bağışlama müqaviləsinin yazılı şəkildə bağlanmalı olduğu şəklində şərt qoyardı. Çünki, yazılı şəkildə bağlanmayan bağışlama müqaviləsi sonradan sübut problemi yaradır və boşanan ər-arvadın mülkiyyət hüququn pozulması ilə nəticələnir.

Gördüyünüz kimi hər şeydən əvvəl konstitusiya zidd natamamlıq iddiası bir təfsir məsələsidir. Yəni ki, KM təfsir nəticəsində bir natamamlıq olduğu qənaətinə gəlir, dolayısıyla konstitusiyaya zidd boşluqdan fərqli olaraq daha subyektiv bir mühakimənin nəticə olaraq müəyyən edilir.

İkincisi isə, hərəkətsizlikdən fərqli olaraq natamamlığı aradan qaldırmaq üçün hüquqda boşluq doldurma metodları var və bu boşluq doldurma metodları bütün məhkəmələr tərəfindən həyata keçirilir. Qanun boşluğu doldurma bütün məhkəmələrin işidir (hətta vəzifəsidir), başqa sözlə bu KM-nin monopoliyasında deyil.

Üçüncüsü isə, bu natamamlıq iddiası və bunun konstitusiyaya ziddi olduğunu bəyan edərək qanunvericinin üzərinə hərəkətə keçmək vəzifəsi qoymaq səlahiyyətlər bölgüsü baxımından problemlidir və qanunvericinin səlahiyyətlərinə müdaxilə sayıla bilər. Zira, bir münasibəti hansı həddə qədər tənzimləmək, yaxud nəyin tamam, nəyin natamam olduğuna qərar vermək qanunvericinin səlahiyyətindədir.

KM-nin bu manevrləri baxımından ikinci problem isə fərdi şikayət baxımından qəbuledilənlik meyarlarının, obrazlı desək, tamamilə KM-nin “kef”inə görə müəyyənləşdirilməsidir. Daha əvvəl qeyd etdiyim kimi, KM qəbuledilənlik meyarları barədə əvvəllər də kifayət qədər ixtiyari filterlər tətbiq edirdi. Amma səlahiyyətləri məhdudlaşdırılandan sonra icraatına götürdüyü fərdi şikayət işlərinə baxanda görürük ki, KM artıq tamamilə ixtiyari davranır. Fərdi şikayətlər baxımından qəbuledilənlik meyarları tamamilə qeyri-müəyyəndir. Həqiqətən də KM ixtiyari olaraq istənilən qanuni tənzimləmənin “natamam” olduğu qənaətinə gələrək şi icraatına götürə bilər, yaxud da əksinə, istənilən tənzimləmənin “tam” olduğunu iddia edərək şikayəti icraata götürməkdən imtina edə bilər. Zira, əşyanın təbiəti gərəyi heç vaxt heç nə “tam” deyil, həmişə nəsə çatışmır.

* Əslində KM-nin bu qərara qədər buna bənzər, yəni fərdi şikayət yoluyla abstrakt norma nəzarəti həyata keçirdiyi başqa bir qərar da var. Bu, Klark Qordon Morrisin (Clark Gordon Morris) şikayəti üzrə verdiyi 26 may 2017-ci il tarixli qərardır. Bu qərar yuxarıda bəhs etdiyimiz qərardan bir az fərqlidir. Çünki burada şikayətçi məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə etmədiyi üçün KM özü icraatı dəyişərək abstrakt norma nəzarəti həyata keçirib. Lakin yuxarıda bəhs etdiyimiz qərarda KM Ali Məhkəmənin konstitusiya zidd qanuna istinad edərək qərar verdiyi qənaətinə gələrək məhz fərdi şikayət institutu çərçivəsində abstrakt norma nəzarəti qərarı verib.

Əvvəlki yazıPreviousDəyərlərin tiranlığı: Əhvəni şər olaraq dəyər-neytral normativizm