Təzəlikcə Ali Məhkəmə şəxsiyyət hüquqularının pozulmasından irəli gələn zərərin kompensasiyası ilə əlaqədar vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Plenum qərarı yayımladı.
Ümumiyyətlə bizdə hüquqi dövlət mədəniyyəti defisit olduğu üçün hakimiyyət orqanlarının mövqelərini əsaslandırmaq şakəri yoxdu. Misal olsun, parlament qanunları niyə qəbul etdiyini əsaslandırmır, inzibati orqanlar aktlarını tətminedici formada izah etmir, məhkəmələr özünü yorub qərarlarında mübahisə tərəflərini razılaşdırmağa çalışmır və s.
Ali Məhkəmə də bu baxımdan istisna deyil.
Şəxsiyyət hüquqularının pozulmasından irəli gələn zərərin kompensasiyası ilə əlaqədar qərarda da Ali Məhkəmə şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı ortaya qoyduğu mövqeləri əsaslandırmır. Başqa sözlə, Ali Məhkəmə vəz edir, təfsir etmir.
Hüquqtətbiqedənlər isə Ali Məhkəmənin müxtəlif mövzularda vəz etdiyi mövqelərini ya öz mühakimələrinə görə anlamağa çalışır, ya da saf-çürük etmədən kor-koranə tətbiq etmək yolunu tutur. Ancaq bəzən Ali Məhkəmənin vəz etdiyi yanaşmaları anlamaq mümkün olmur. Çünki sistemə yad və qanunvericiliyə zidd olur.
Yuxarıda qeyd etdiyim Plenum qərarında Ali Məhkəmə heç bir əsaslandırma ortaya qoymadan, göydəndüşmə formada qeyd edir ki, instansiya məhkəmələri təzminat müəyyən edərkən təqsirin formasını nəzərə almaldır? Yəni, zərər ehtiyatsızlıqla verilibsə daha az təzminat, qəsdən verilibsə daha çox təzminat… Ali Məhkəmə niyə bu qənaətə gəlib, anlaşılmazdı. Üstəgəl bizim Mülki Məcəllənin təzminat sisteminin “ya hamısı, ya heç nə” prinsipini seçdiyini düşünəndə Ali Məhkəmənin bu yanaşması daha da anlaşılmaz olur.
“Ya hamısı, ya heç nə” prinsipinin kökü əslində Alman BGB-sinə gedib çıxır. BGB § 249-a görə zərər, zərərvuran hadisə baş verməsəydi zərərçəkənin malik olacağı əmlak vəziyyəti ilə onun indiki əmlak vəziyyəti arasında aparılan müqayisə nəticəsində müəyyən edilən fərqdir. Bu fərq, mümkün olduğu halda eyni ilə, hər bir halda isə tam şəkildə ödənilməlidir
BGB-də təzminat məbləğinin təqsirin ağırlıq dərəcəsinə görə azaldılmasına dair hər hansı bir müddəa mövcud deyil. Bir tərəfdən zərərvuranla müqayisədə zərərçəkənin mənafeyinin daim üstün tutulması, digər tərəfdən hakimin mülahizə səlahiyyətinə qarşı duyulan etimadsızlıq və nəhayət, təzminat hüququnun əxlaqi mülahizələrindən uzaq tutulması düşüncəsi Alman qanunvericisini bu istiqamətə sövq etmişdir.
Zərərin tam şəkildə əvəz edilməsi üzrə məsuliyyət bəzi hallarda olduqca ağır nəticələr (misal olsun, sadə bir ehtiyatsızlıqla avtomagistralda bir neçə ölü və yaralının olduğu kütləvi yol-nəqliyyat hadisəsinə səbəb olmaq) yaratdığı üçün BGB-yə təqsirin növünə görə hakimə təzminatın həcmini müəyyən etmək səlahiyyəti verən müddəanın daxil edilməsi (İsveçrə Öhdəliklər Məcəlləsi m. 43/ I nümunə götürülərək*) təklif edilsə də bu təkliflər özünü doğrultmamış və qəbul edilməmişdir.
BGB § 249-dakı “tam təzminat” prinsipinin sözbəsöz eynisi bizim MM m. 459-da da tənzimlənmişdir. Belə ki, MM m. 459.1-ə görə zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.
Bizim MM-in hakimə təqsirin formasına görə təzminatın həcmini müəyyən etmək səlahiyyəti vermədiyinin digər bir sübutu isə mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarının müəyyən edildiyi 1097-ci maddəsidir. Bu maddədə qanunverici açıq mətnlə zərərvuranın təqsirindən asılı olmayaraq zərərin tam həcmdə ödənilməli olduğunu vəz edir.
Bunlardan başqa təqsirin formasına görə təzminatın həcminin müəyyən edilməsini bizim qanunvericinin mənimsəmədiyini MM-də edilən dəyişiklərdə də müşahidə etmək mümkündür. Belə ki, bizim MM-in ilkin versiyasında təqsirin formasına görə təzminatın müəyyən edilməsinə dair bir müddəa var idi. Həqiqətən də MM m. 1116.3-ə görə zərərin qəsdən törədilmiş hərəkətlər nəticəsində vurulduğu hallar istisna olmaqla, məhkəmə fiziki şəxsin vurduğu zərərin əvəzinin ödənilməsi miqdarını onun əmlak vəziyyətini nəzərə almaqla azalda bilərdi. Lakin bu müddəa 2005-ci ildə MM-dən çıxarılmışdır.
Beləliklə görürük ki, deliktdəki tam təzminat sistemi zərər barədə ümumi müddəa sayılan MM m. 21-ə paralellik təşkil edir. Zira, MM m. 21-də də zərərə görə təzminatın həcminin müəyyənləşdirilməsinə dair sadalanan meyarların arasında təqsirin forması yoxdur. Həmin müddəaya görə təzminatın həcmini formalaşdırmaqda nəzərə alınacaq meyarlar zərərvuranın yox, məhz zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışlardır.
Nəticə etibari ilə deyə bilərik ki, İsveçrə-Türk hüququndan fərqli olaraq bizim MM-də təqsirin formasına görə təzminatın həcmini müəyyən etmək nəzərdə tutulmamış, əksinə “tam təzminat” prinsipi mənimsənilməşdir. Belə olan halda MM ilə Ali Məhkəmənin sözügedən Plenum qərarının 7.28 bəndində nəzərdə tutulmuş “zərərvuranın hüquqazidd əməlin törədilməsində təqsirinin formasından, yəni qəsd və ya ehtiyatsızlıqla törədilməsindən asılı olaraq, şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulu, habelə təzminatın həcmi fərqləndirilməlidir” göstərişi arasında ziddiyət yaranır.
Əsas sual isə odur ki, instansiya məhkəmələri bu ziddiyət qarşısında necə davranmalıdır? Sözsüz, Azərbaycan reallığında Ali Məhkəməni yuxarı instansiyasından daha çox özünün inzibati-iyerarxik münasibətdə üstü olaraq görən instansiya məhkəmələri qanunvericiliyi bir tərəfə qoyub Ali Məhkəmənin göstərişlərini tətbiq edəcəklər. Bu tip məsuliyyətsiz və vəsət qərarlar isə problemləri həll etmək əvəzinə onu daha da dərinləşdirməyə davam edəcək.
*İsveçrə Öhdəliklər Məcəlləsi m. 43/ I-ə görə hakim zərərin əvəz edilməsi və onun həcminin müəyyən edilməsi zamanı hadisənin şərtlərini və təqsirin ağırlıq dərəcəsini nəzərə alaraq, təzminatın azaldılmasına və ya tamamilə aradan qaldırılmasına qərar verə bilər
