← Bütün yazılarAlle artikelenAll posts

Süni intellekt Azərbaycanda hüquqşünaslıq (vəkillik) peşəsini necə belə sürətlə sıradan çıxardı?

Cabir Aliyev 2 dəq oxu2 min leestijd2 min read PDF
Süni intellekt Azərbaycanda hüquqşünaslıq (vəkillik) peşəsini necə belə sürətlə sıradan çıxardı?

Sual əslində belə də qoyula bilər…

Süni intellekt bumu Azərbaycanda əşyanın təbiətinə uyğun hüquqşünaslıq fəaliyyətinin olmadığını necə göstərdi?

Məsələ əslində böyük ölçüdə hüquq dövləti ilə bağlıdır.

Hüququn aliliyinin, məhkəmə müstəqilliyinin təmin edilmədiyi, qərarvermə mexanizmlərinin ifrat mərkəzləşdirildiyi hüquq sistemlərində hüquqşünaslar əslində kargüzarlıq işi ilə məşğul olur.

Bu tip sistemlərdə hüquqşünasın mühakiməsinin əhəmiyyəti olmur. O, dövlət orqanının, yaxud məhkəmənin artıq razılaşdırılmış mövqeyinə uyğun sənəd hazırlayandır, öz mühakiməsi ilə o mövqeyə təsir edən deyil.

Sahibkar bağlı qapılar arxasında inzibati orqanla tenderlə bağlı bir məsələni razılaşdırır.

Qayıdıb hüquqşünasa deyir ki, filan məzmunda bir məktub göndər inzibati orqana ki, sabah onları Hesablama Palatası yoxlayanda əllərində bir “pitiy” olsun.

Bu tip sistemlərdə hüquqşünasın parlaq ideyalarının, yaxud təkmil hüquq biliyinin bir əhəmiyyəti olmur.

Çünki bu fikirlər hələ əvvəlcə adicə notariusun qılıncının altından keçməlidir.

Təsəvvür edin, şirkətə borcu olan bir fərdi sahibkar bu borc qarşılığında öz daşınmaz əmlakını təklif edir, amma daşınmaz əmlak borcdan artıq məbləğə satılarsa, qalanının ona geri qaytarılmasını istəyir.

Hüquqşünasın iclasda ağlına gəlir ki, öhdəliklər hüququnda bu münasibətə uyğun bir mexanizm var!

İcra naminə hərəkət (datio pro solvendo)!

Amma elə oradaca bunu səsləndirmək fikrindən daşınır.

Niyə?

Bunu hansı notariusa başa sala biləcək? Notarius bu əməliyyatı etməyəcək, işin yoxdursa, notariusun imtinasından şikayət ver və s.

O qədər müddət sahibkar gözləyər? Deyəcək, işimizi cəncələ saldın.

Onun əvəzinə sahibkarın tanış notariusu deyir ki, bir virtual əməliyyatla alqı-satqı edərik, problem həll olunar. Sahibkar da qayıdır hüquqşünasa ki, get notariusun yanına, hansı sənədləri deyir hazırla, alqı-satqı edin.

Bayaqdan ideya müəllifi olan hüquqşünas oldu notariusun fikrinin icraçısı.

Məhkəmələrdə vəziyyət fərqlidirmi?

Çox da yox…

Məsələn, indi baxdım: 2025-ci ildə birinci instansiya məhkəmələrində yekun qərar qəbul edilmiş 13 848 cinayət işindən 171-i bəraət hökmü ilə nəticələnib. Bu, bütün yekun qərarlı cinayət işlərinin 1,23%-idir.

Mənzərə digər sahələrdə də fərqli deyil.

Bir vəkil üçün böyük məbləğli qanunsuz bir tenderi məhkəmədə ləğv etdirmək qeyri-realdırsa, əlbəttə, o işdə vəkil kargüzarlıqla məşğuldur.

Bundan başqa, notariusa olduğu kimi hakimə necə izah edəcəksən dərdi də davam edir üstəlik...

… Hərdən süni intellekt modellərinin mühakimə qabiliyyətinin səviyyəsi müzakirə olunur.

Halbuki yuxarıda təsvirini verdiyim hüquq sistemində mühakiməyə ehtiyac olmadığı üçün süni intellektin mühakiməsi də lazım deyil.

Süni intellekt kargüzarlıq işini, sənəd hazırlamağı, ərizə yazmağı necə bacarır?

Əla!

Azərbaycandakı hüquqşünaslıq üçün də elə bunlar kifayətdir…

Əvvəlki yazıVorig artikelPreviousAli Məhkəmənin qazlaytinqi…