← Bütün yazılarAll posts

“Mənəvi zərər”lə bağlı qısa qeydlər…

Cabir Əliyev 2 dəq oxu2 min read

Qanunvericilik dəyişmədiyi müddətcə “mənəvi zərər”lə bağlı məhkəmə qərarları qanunvericinin səlahiyyətlərinə müdaxilədir. MM m. 21. 2-də qanunvericinin mövqeyi təfsirə ehtiyac olmayacaq qədər aydındır. Qanunverici zərər deyəndə yalnız “maddi zərər” başa düşür: “ Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür .”

Qanunvericilik dəyişmədiyi üçün də məhkəmələr “mənəvi zərər”lə bağlı hər qərarında səlahiyyətlər bölgüsünü bir az daha absurd formada pozmağa davam edir. Məsələn, sonuncu dəfə KM (ARKM, Qərar, 24/04/2020) yaxınların ölümünə və sağlamlıqlarına dəymiş zərərə görə “mənəvi təzminat”ın MM m. 23-ə (şərəf və ləyaqətin alçaldılması) istinad edilərək tələb edilə biləcəyini dedi. Bu qərar bir çox baxımdan yüngül desək, problemlidir.

MM. m. 23 ümumi olaraq şərəf və ləyaqətin müdafiəsi maddəsidir. Burdakı “ məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır” müddəası hüquq təsisedici norma deyil, tipik göndərmə normasıdır (“without prejudice to”). Yəni qanunverici deyir ki, təkzibdən savayı zərərin varsa onu deliktə istinad edərək tələb edə bilərsən. İsveçrə Mülki Məcəlləsinin eyni mahiyyətli 28a maddəsi bunu daha yaxşı ifadə edir. İsveçrə qanunvericisi təkzib və s.-i tənzimlədikdən sonra əlavə edir ki, əgər şəxsiyyətə müdaxilə başqa zərərlərə də səbəb olubsa “ iddiaçının maddi və mənəvi təzminat… tələb etmək hüququ saxlanılır “ Yəni ki, şəxsiyyətə müdaxilə nəticəsindəki zərər sadəcə təkziblə kompensasiya edilə bilməyəcəksə, ümumi delikt müddəalarına istinad edərək maddi və mənəvi təzminat istəmək hüququn həmişə var.

Bir sözlə, KM əgər qanunverici kimi norma təsis edəcəkdisə, barı bunu düzgün yerdən edərdi. Yəni, heç olmasa MM m.1097.1-dəki “fiziki şəxsin şəxsiyyətinə …. vurulmuş zərər” müddəasındakı şəxsiyyətə vurulmuş zərərin həm də “mənəvi zərəri” ehtiva etdiyini deyərdi. Xülasə, MM m. 23 göndərmə normasıdır və söhbətə ümumiyyətlə dəxli yoxdur.

MM m. 21. 2-də “zərər” anlayışı yalnız “maddi zərər”lə məhdudlaşdığı üçün məhkəmələr MM-dəki “zərər” istilahı olan heç bir yerdə bu zərərin “mənəvi zərəri” də ehtiva etdiyini deyə bilməz. Çünki, qanunvericinin “zərər” anlayışı aydındır. “Mənəvi zərər”, yalnız qanunvericilik dəyişdirilərək “zərər” anlayışına daxil edilə bilər.

KM-nin yuxarıda qeyd edilən qərarının daha absurd nəticəsi isə inikas zərərin məhkəmə qərarı ilə tanınmasıdır. İnikas zərər delikt nəticəsinə birbaşa zərər görəndən savayı eyni əməl nəticəsində zərər görən 3-cü şəxsin zərəridir, yəni əsas zərərin əks-sədası, reflikesi olaraq… Bu mənada ölüm və sağlamlığının pozulmasına görə ölən və sağlamlığı pozulanın yaxınlarının maddi və mənəvi zərərləri inikas zərərdir. İnikas zərərdən bəhs edə bilməyimiz üçün isə bu zərərin mütləq qanunla tanınması lazımdır. Çünki, bizim qanunvericilikdə deliktin birbaşa zərərlə yaranacağı qəbul olunub (MM m. 1096: “(delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir” ). Birbaşa zərərin istisnası, yəni inikas zərər yalnız qanunla tanına bilər. Necə ki, MM m. 1121-də qanunverici, ailə başçısının ölümünə görə ölənin bəzi yaxınlarını inikas zərərçəkən olaraq tanıyıb və onların maddi təzminat (diqqət, yalnız maddi təzminat!) ala biləcəklərini qəbul edibdir.

Dolayısı ilə birbaşa zərərin istisnasını, yəni inikas zərəri yalnız qanunverici tanıya bilər. Belə olan halda, KM-nin ölüm, hətta sağlamlağın itirilməyinə görə ölən və sağlamlağını itirənin yaxınlarının mənəvi təzminat istəyə biləcəyini qət etməsi kobud bir ultra vires nümunəsidir.

Əvvəlki yazıPreviousAli Məhkəmənin “icra mümkünsüzlüyü” qərarında plagiat problemi və Türk hüququndan yanlış iqtibasların fəsadları