“…şifahi formada və ya “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən yazılı formada bağlanan müqavilə Mülki Məcəllənin 329.1, 337.1 və 337.4-cü maddələrinə əsasən hüquqi nəticələrə səbəb olmayan etibarsız əqddir.” Ali Məhkəmə Plenumunun 07.07.2026-cı il tarixli, № 10 “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarı, bənd 2.3
Təzəlikcə Ali Məhkəmə Plenumu podrat müqaviləsindən irəli gələn mübahisələrdə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərar yayımladı. Qərarda üzərində ayrıca dayanmağa dəyən kifayət qədər məqam var, ancaq bu yazıda onlardan yalnız birini, — dövlət satınalmaları qanunvericiliyinə zidd bağlanmış podrat müqaviləsinin taleyini saf-çürük etməyə çalışaq.
Plenumun mövqeyi qısaca belədir: “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilmədən bağlanmış podrat müqaviləsi etibarsızdır, belə müqavilələrdən irəli gələn tələblərə nə podrat qaydaları, nə Mülki Məcəllənin 337.5-ci maddəsi, nə də əsassız varlanma qaydaları tətbiq edilə bilər. (Plenum 2.5-ci bənddə vicdanlı podratçı üçün kiçik bir istisna qapısı qoyub.)
İlk baxışdan hər şey məntiqli görsənir. Qanun pozulubsa, müqavilə də etibarsız olmalıdır. Ancaq problem ondandır ki, bizim Mülki Məcəllədə qanunun pozulmasını əqdin etibarsızlığına bağlayan bir norma yoxdu.
Maraqlı olan budur ki, belə bir norma bizdə vaxtilə olub. Bu normanın ilk problemi bu olub ki, hamin norma Mülki Məcəlləmizin əsas məxəzlərindən bir olan MDB Model Mülki Məcəlləsindən tərcümədə natamam tarcümə olunub (yanlış interpretasiya edilib), sonra isə 2005 dəyişikliyi ilə ümumiyyətlə MM-dən çıxarılıb.
lex perfecta, lex imperfecta
Qanunu pozan əqdin etibarsız olub-olmaması problemi mülki hüququn tarixinə də yad məsələ deyil. Roma hüququnda qanunları bu baxımdan üç qrupa ayırırdılar: qadağan etdiyi hərəkəti həm də etibarsız sayan qanun (lex perfecta), hərəkəti etibarsız saymayan, amma pozana cəza nəzərdə tutan qanun (lex minus quam perfecta) və nə etibarsızlıq, nə də cəza nəzərdə tutan qanun (lex imperfecta). Başqa sözlə, bir qanunun nəyisə qadağan etməsi hələ o qadağaya zidd bağlanmış əqdin etibarsız olması demək deyildi, bunun üçün qanunun özü bunu deməli idi.
Bu ideya ius commune vasitəsilə müasir kontinental kodifikasiyalara qədər gəlib çıxıb.
Alman Mülki Məcəlləsinin (BGB) § 134-ü bu ənənənin davamı mahiyyətindədir :
Qanuni qadağaya (qanunla müəyyən edilmiş qadağa) zidd olan əqd, əgər qanundan başqa nəticə çıxmırsa, əhəmiyyətsizdir.
Burada iki məqam vacibdir. Birincisi, § 134-dəki “qanun” təkcə BGB deyil, istənilən hüquq normasıdır. Yəni BGB § 134 alman mülki hüququnu ondan kənardakı, xüsusilə publik hüquq normalarına bağlayan bir körpü normasıdır. Mülki hüquq xaricindəki istənilən qadağanedici norma bu körpü vasitəsilə mülki hüquqa daxil ola bilir. İkincisi, “qanundan başqa nəticə çıxmırsa” qeyd-şərti körpünün qarşısında filtr rolunu oynayır. Yəni pozulan normanın məqsədi (normanın qarşıya qoyduğu məqsəd) əqdin etibarsızlığını tələb edirmi sualına aydınlıq gətirilməlidir. Klassik dərslik misalı ilə desək bir şəhərdə mağazaların 23:00-dan sonra fəaliyyət göstərməsi qadağan edilibsə mağazanın bağlanma saatından sonra həyata keçirilən satış mağaza sahibi üçün inzibati məsuliyyət yaradır, amma alqı-satqı müqaviləsi etibarsız sayılmır, çünki qadağa yalnız bir tərəfə (satıcıya) ünvanlanıb və müqavilənin məzmununa deyil, bağlanma şəraitinə aiddir.
Türk və İsveçrə hüququnda eyni funksiyanı TBK m. 27 və OR m. 20 (qanunun imperativ normalarına zidd müqavilələr) yerinə yetirir.
Bizim üçün isə ən maraqlısı MDB Model Mülki Məcəlləsidir, çünki Mülki Məcəlləmizin əsas məxəzlərindən biri məhz budur. Model Məcəllənin 1994-cü ildə qəbul edilmiş birinci hissəsinin 167-ci maddəsi belədir:
Qanunvericiliyin tələblərinə uyğun gəlməyən əqd, əgər qanun belə əqdin mübahisə edilən olduğunu müəyyən etmirsə və ya qanunvericiliyin pozulmasının başqa nəticələrini nəzərdə tutmursa, əhəmiyyətsizdir.
Göründüyü kimi, Model Məcəllədə də § 134-ə paralel tənzimləmə var, diqqət edilsin, Model Məcəllədə də istinad nöqtəsi “bu Məcəllə” deyil, ümumi olaraq qanunvericilikdir (законодательство).
traduttore, traditore
İtalyanların məşhur “tərcüməçi xaindir” deyimi heç bir sahədə hüquqdakı qədər ağır nəticələr doğurmur şübhəsiz…
2001-ci ildə bizim MM qəbul olunarkən Model Məcəllənin 167-ci maddəsi MM-ə 338-ci maddə kimi belə sınıq-salxaq tərcüməylə daxil edilmişdi:
Bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, əgər bu Məcəllədə bu cür əqdin əhəmiyyətsiz olduğu müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa, etibarsızdır.*
Gördüyünüz kimi köçürmə zamanı sanki əhəmiyyətsiz bir şeymiş kimi “qanunvericilik” sözü “bu Məcəllə” ilə əvəz edilib. Bir sözün dəyişməsi ilk baxışdan kiçik bir redaktə kimi görünə bilər, amma nəticədə maddənin funksiyasının tamamilə itməsi ilə nəticələnib. Mülki hüququ publik hüquq normalarına bağlayan körpü normasının yerinə Məcəllənin özünə istinad edən, bir növ qapalı dövrə yaradan normaya çevrilib.
Bir sözlə, qanunvericinin qanunvericilik sözünü bu Məcəllə ilə əvəz etməsi yersiz özfəaliyyət olub.
Birincisi ona görə ki, Mülki Məcəllənin öz qadağalarının pozulmasının nəticələri onsuz da həmin qadağaları tənzimləyən maddələrdə mövcuddur (forma tələbi, fəaliyyət qabiliyyəti, iradə qüsurları və s.). Onları ikinci dəfə ayrıca bir maddədə təkrarlamağın praktiki mənası yox idi. (Yeri gəlmişkən, Model Məcəllədəki “mübahisə edilən” (оспорима) sözünün də 338-ci maddədə “əhəmiyyətsiz” olaraq tərcümə edilməsi də maddənin özündə daxili ziddiyət yaradırdı)
İkincisi isə məxəz Model Məcəllədə ümumi norma olaraq “bu Məcəlləylə müəyyən edilmiş qaydalara zidd bağlanmış əqdlərin etibarsız olduğu”nu tənzimləyən ayrıca maddə zatən var var idi (m.165). Bu norma bizim Mülki Məcəlləyə də 337.1-ci maddə kimi daxil edilib: “Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.”
Başqa sözlə, Model Məcəllədə bu iki norma bir-birini tamamlayır: m.165 etibarsızlıq əsaslarının Məcəllədə müəyyən edildiyini deyir, m.167 isə həmin əsaslardan birinin qanunvericiliyin pozulması olduğunu deməklə etibarsızlıq sisteminin qapısını Məcəllədən kənara açır.
Bizim MM-də isə tərcümədən sonra hər iki maddə eyni şeyi deməyə başlamışdı: “bu Məcəllə”, “bu Məcəllə”…
2005-ci məşum islahatı
Bilirsiz, 2005-ci ildə bizim MM-ə çox böyük miqyasda dəyişikliklər edilib və bu dəyişikliklər zatən pis vəziyyətdə olan MM-in sistemini daha da acınacaqlı vəziyyətə salıb.
2005 islahatı bu “qanuni qadağa” problemindən də yan keçməyib və 338-ci maddə elə həmin islahatla ümumiyyətlə Məcəllədən çıxarılıb.
Spekulyasiya etmək bahasına deyə bilərik ki, qanunverici yəqin ki, belə bir zehin axışı izləyib: “Hmm! 337.1-də artıq yazmışıq ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozan əqd etibarsızdır. 338 də eyni sözü deyir. Təkrardır, çıxaraq!”
Etiraf etmək lazımdır ki, təhrif olunmuş mətn baxımından bu məntiq qüsurlu da sayılmazdı. Çünki, yanlış resepsiyadan sonra 338 həqiqətən 337.1-in təkrarına çevrilmişdi. Sadəcə problem ondadır ki, natamam olsa da bu maddə qalsa bəlkə də teleoloji təfsir yoluyla maddənin funksiyasını bərpa etmək olardı. Ancaq 2005-ci il dəyişiklikləri ilə maddə MM-dən tamamilə çıxarıldığına görə artıq təfsir yolu ilə belə başqa qanunun tələblərinin pozulmağı ilə bağlanmış əqdlərin MM baxımından etibarsız olduğunu iddia etmək artıq o qədər də mümkün görsənmir.
Qərəz… Deməli burdan o nəticə çıxır ki, bizim hüquq sistemində Mülki Məcəllədən kənardakı bir qanunun pozulması yalnız o halda əqdin etibarsızlığına səbəb ola bilər ki, həmin qanunun özü bunu açıq şəkildə nəzərdə tutsun. Roma hüququnun dili ilə desək, bizdə hər qadağanedici qanun mülki hüquq baxımından lex perfecta deyil. Qanun etibarsızlıq sanksiyası müəyyən etməyibsə, onun pozulmasının nəticələri inzibati, intizam və ya cinayət məsuliyyəti müstəvisində qalır, pozuntu nəticəsində bağlanmış əqd isə “etibarlı” olmağa davam edir. Bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, qüvvədə olan qanunvericiliyin diktəsi budur.
Plenum ruh çağırır
İndi qayıdaq Plenum qərarına. Plenum dövlət satınalmaları qaydalarına əməl edilmədən bağlanmış müqavilənin etibarsızlığını Mülki Məcəllənin 329.1, 337.1 və 337.4-cü maddələri ilə əsaslandırır, “Dövlət satınalmaları haqqında” Qanunun özündən isə bir dənə də olsun müddəaya istinad etmir.
İstinad etməməyi təbiidir, çünki Qanunda satınalma qaydalarına zidd bağlanmış müqavilənin etibarsız olduğunu deyən bir dənə də olsun müddəa yoxdur. “Etibarsız” sözü Qanunda yalnız bir kontekstdə mövcuddur: etibarsız təchizatçı (m. 1.1.5, 16), yəni xüsusi reyestrə salınan “riskli” iştirakçı.
Əksinə, Qanunun sanksiya sistemi tamamilə başqa bir məntiq üzərində qurulub. Pozuntulara qarşı əsas vasitə nəzarət orqanının tədbirləridir: qanunazidd hərəkəti qadağan etmək, qərarı ləğv etmək, satınalmanı ləğv etmək və s. (m. 14.4). Diqqət çəkən məqam isə budur ki, Qanun bu tədbirlərin tətbiqini açıq mətnlə “satınalma müqaviləsi bağlananadək” olan dövrlə məhdudlaşdırır (m. 14.3).
Müqavilə bağlandıqdan sonra isə Qanun tərəflər arasındakı münasibəti bu Qanuna və Mülki Məcəlləyə göndərir (m. 38.6), yəni etibarlılıq məsələsinin həllini MM-in öhdəsinə buraxır. Başqa sözlə, qanunverici satınalma pozuntularına qarşı prosedurdaxili, inzibati və fərdi məsuliyyət mexanizmlərini seçib, bağlanmış müqavilənin etibarsızlığını isə seçməyib. Roma hüququnun terminləri ilə desək, mülki hüquq baxımından “Dövlət satınalmaları haqqında” Qanun tipik bir lex minus quam perfectadır: qadağan edir, cəzalandırır, amma əqdin etibarlılığı məsələsini həll etmir.
Plenum qərarının ən ziddiyətli tərəfi isə MM m. 337.1-ə istinadla etibarsızlığı əsaslandırmasıdır. Yuxarıda izah etdiyimiz kimi, 337.1 Model Məcəllənin 165-ci maddəsinin qarşılığıdır və məhz etibarsızlıq əsaslarının “bu Məcəllədə” müəyyən edildiyini deyir. “Dövlət satınalmaları haqqında” Qanun isə, nə qədər əhəmiyyətli qanun olsa da, “bu Məcəllə” deyil. Başqa sözlə, Plenumun dayaq nöqtəsi kimi seçdiyi norma, düzgün oxunduqda, Plenumun mövqeyinin əleyhinə dəlildir. Plenum əslində 2005-ci ildə qüvvədən salınmış 338-ci maddənin, daha doğrusu, heç vaxt Azərbaycan mətninə düşməmiş orijinalının, Model Məcəllənin 167-ci maddəsinin ruhunu çağırır və ona 337.1-in bədəninə geyindirir.
Ədalət naminə bir məqamı da qeyd edim. Plenumun podrat müqaviləsinin etibarsızlığı ilə bağlı əslində iki fərqli hal qeyd edir: 1) müqavilənin “şifahi formada” bağlanması və 2) satınalma qaydalarına əməl edilmədən bağlanması. Birinci hal üçün Plenumun həqiqətən də əsası var. 2026-cı il fevralın 20-də qəbul edilmiş 359-VIIQD nömrəli Qanunla “Dövlət satınalmaları haqqında” Qanuna əlavə edilmiş 3.12-ci maddəyə görə satınalma müqavilələri informasiya sistemi vasitəsilə elektron qaydada bağlanmalı, gücləndirilmiş elektron imza ilə imzalanmalıdır (m. 38.2). Bu, “qanunla müəyyən edilmiş forma tələbi” ola bilər və ona riayət etməmək 329.1-ci maddənin göndərməsi ilə etibarsızlığa gətirib çıxara bilər. Amma ikinci hal, yəni forma baxımından qüsursuz, amma satınalma prosedurlarını pozmaqla bağlanmış müqavilənin etibarsızlığını iddia etmək isə m. 337.1-lə həll etmək mümkün deyil. Çünki, 337.1-ə görə əqdin etibarsızlığı hər hansı qanunun şərtlərinin pozulması yox, məhz MM-in pozulması nəticəsində mümkündür.
Sonda bir haşiyə çıxaraq onu da vurğulayaq ki, publik hüquq normalarından mülki hüquqi nəticə “çıxarmaq” bu qərarda təsadüfi bir epizod deyil, Ali Məhkəmə sanki bunu normallaşdırıb.
Məsələn qərarın 2.1-ci bəndində də Plenum özü etiraf edir ki, Mülki Məcəllədə podrat müqaviləsi üçün forma tələbi müəyyən edilməyib, amma Vergi Məcəlləsinin, “Nağdsız hesablaşmalar haqqında” Qanunun və elektron qaimə-faktura qaydalarının “təhlili”ndən belə nəticəyə gəlir ki, kommersiya subyektləri arasında podrat müqaviləsi yazılı formada bağlanmalıdır. Vergi inzibatçılığının ehtiyacları üçün tələb olunan sənədlərdən mülki hüquqi forma tələbi çıxarmaq heç bir təfsir metodu ilə səsləşmir. Belə analogiya olmaz. Birincisi, analogiya üçün boşluq olmalıdır. İkincisi isə analogiya oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik arasında mümkündür.
Bir başqa məsələ isə odur ki, ümumiyyətlə vergi inzibatçılığı sahəsindəki tələblər “nizam normaları” hesab olunur və onların pozulması əqdi etibarsız etməz.
“Nizam normaları” da başqa yazının mövzusu olsun…
